REGİONLAR
Şəkidə bu günədək 1212 hektar sahəyə tütün şitilləri köçürülüb
Şəki, 6 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında tütün əkini yekunlaşmaq üzrədir. Cari təsərrüfat ilində rayonda 1250 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Şəkili fermerlər bu mövsüm 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə digər növ tütün yetişdirəcəklər. Bu günədək təsərrüfatlarda 1212 hektar sahəyə tütün şitilləri köçürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, əkin kampaniyası dövründə təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsinə 1300-dək işçi cəlb olunub.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1241 hektar sahədən 4150 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 310 ton artıb.