SİYASƏT
Şəkidə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər davam edir
Şəki, 11 dekabr (AZƏRTAC). Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar keçirilən xatirə günləri çərçivəsində Şəkinin idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, son günlər Şəki şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edənlərin sayı xeyli artmışdır. Xatirə günləri çərçivəsində şəhərin ayrı-ayrı əmək kollektivlərinin, məktəbli və tələbələrin, gənclərin Mərkəzə ekskursiyaları davam edir. Mərkəzi ziyarət edənlər ümummilli liderimizin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotosərgi və guşələrlə tanış olur, dahi şəxsiyyətin nəsillərə nümunə olan zəngin həyat yolu, xalqımız qarşısındakı tarixi xidmətləri barədə geniş məlumat əldə etmişlər. Mərkəzin ekspozisiyasında Heydər Əliyevin 2002-ci ilin noyabrında Şəkiyə səfəri zamanı keçirdiyi unudulmaz görüşləri əks etdirən fotoşəkillər xüsusilə diqqəti cəlb edir.