İQTİSADİYYAT
Şəkidə yeni istirahət kompleksi yaradılacaqdır
Bakı, 26 may (AZƏRTAC). “Marxal” adlandırılan istirahət kompleksi Şəki şəhərinin dağlıq hissəsində, meşə ərazisində salınacaqdır. Kompleksin layihəsi işlənilərkən əsas diqqət ətraf mühitin maksimum qorunmasına və istirahətə gələnlərin rahatlığına yönəlmişdir.
Bakı Dövlət Layihə İnstitutunun layihə baş mühəndisi Əhliman Şükürlü AZƏRTAC-a bildirmişdir ki, kompleksdə qonaqların rahat və mənalı istirahətinin təşkili üçün zəruri binalar və mühəndis qurğuları - 7 mərtəbəli mehmanxana, restoran, SPA mərkəzi, əyləncə və ticarət mərkəzləri, kafe, yay teatrı, qeydiyyat və xidmət evi, 16 ədəd 3-4 otaqlı kotteclər layihələndirilmişdir.
Bundan əlavə, açıq havada dincəlmək və idmanla məşğul olmaq üçün meydançalar, istirahət guşələri, dekorativ hovuz və fəvvarələrin tikilməsi nəzərdə tutulmuşdur. Ərazidəki göldən su əyləncələri üçün istifadə olunacaq, gölün üzərində körpü quraşdırılacaqdır.
Kompleksin normal fəaliyyət göstərməsi üçün layihəyə bir sıra xidməti tikililər də daxil edilmişdir. Bunlar yanğınsöndürmə və içməli su çənləri, su təmizləyici qurğu, nasosxana və qazanxana, transformator yarımstansiyası, avtomobil dayanacaqlarıdır.
Ərazidə sıradan çıxmış yaşıllıqların bərpası, yol və səkilərin kənarında, istirahət guşələrində yerli iqlim şəraitinə uyğun ağac və gül kollarının əkilməsi planlaşdırılmışdır.