REGİONLAR
Sel nəticəsində Xınalıqda qalan rusiyalı turist dağlıq ərazidən helikopterlə çıxarılıb VİDEO
Quba, 3 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Xınalıq kəndinə gələn turistin dağlıq ərazidən çıxarılmasına Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya vətəndaşı 1978-ci il təvəllüdlü Svetlana Kuliniç Xınalığa sentyabrın 1-i gəlib. Şimal bölgəsinə yağan leysan yağışları nəticəsində Xınalıq kəndinə gələn yolu sel apardığından turistin geri qayıtması mümkünsüz olub. Hadisə ilə bağlı Quba Turizm İnformasiya Mərkəzinə və digər müvafiq təşkilatlara müraciətdən sonra əcnəbi turistin dağlıq yaşayış məntəqəsindən çıxarılması üçün əraziyə helikopter cəlb edilib.
Sentyabrın 3-də günorta saat 11.30 radələrində Svetlana Kuliniçi Xınalıqdan gətirən helikopter Xaçmaz şəhər stadionunda yerə enib.
Rusiyalı turist jurnalistlərə açıqlamasında Xınalığa bir günlük gədiyini bildirib. Amma gecə yağan leysan yağışları onun kənddən çıxmasına imkan verməyib: “Hər şey gözlənilmədən baş verdi. Gecə leysan yağdı. Səhər açılanda məlum oldu ki, körpü dağılıb, yol bağlanıb və mən ən azı 10 gün burada qalmalıyam. Sözün açığı inanmazdım ki, mənim dalımca helikopter gələcək. Bunu təşkil edənlərə təşəkkür edirəm”.
Svetlana Kuliniç Xaçmaz beynəlxalq avtovağzalından Bakı şəhərinə yola salınıb.