MƏDƏNİYYƏT
“Seliger” beynəlxalq təhsil forumunun yekunlarına dair “dəyirmi masa” keçirilmişdir
Bakı, 27 oktyabr (AZƏRTAC). Rusiya informasiya-mədəniyyət mərkəzində (RİMM) keçirilmiş “dəyirmi masa”da “Seliger” beynəlxalq təhsil forumunun yekunları müzakirə edilmişdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə ali məktəblərin tələbələri, gənclər təşkilatlarının, ictimai təşkilatların, həmvətənlərin təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirin aparıcısı, Azərbaycanın Rus Gənclər Assosiasiyasının üzvü, “Seliger-2011” forumunun iştirakçısı Marina Busıgina iştirakçıları “Seliger” beynəlxalq növbənin dünya gənclərinin birləşdirilməsinə və onların ünsiyyəti, inkişafı, təhsili üçün, birgə beynəlxalq layihələrin hazırlanması üçün unikal şərait yaradılmasına yönəldilmiş işinin əsas istiqamətləri ilə tanış etmişdir. Bu il forumun işi dörd tematik istiqamət üzrə qurulmuşdur: dünya siyasəti, biznes və innovasiyalar, kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr, vətəndaş cəmiyyətinin sabit inkişafı. M.Busıginanın çıxışı video və fotomaterialların nümayişi ilə müşayiət olunmuşdur.