SİYASƏT
Səmərəli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır
Bakı, 8 aprel (AZƏRTAC). Aprelin 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə MDB-nin iştirakçısı olan dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargahı Rəisləri Komitəsinin Bakıda keçirilən iclasında iştirak edən nümayəndələrlə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, regionda ümumi vəziyyətin təhlili və əməkdaşlığın müzakirəsi baxımından belə görüşlərin əhəmiyyətini vurğulayan Baş nazir Artur Rasizadə, daha sonra Azərbaycanda mövcud iqtisadi-siyasi durum barədə qonaqlara məlumat vermiş, onları həyata keçirilən enerji, nəqliyyat və digər irimiqyaslı regional layihələrin icrası ilə tanış etmişdir. Bununla yanaşı, xalqımız üçün ən ağrılı problem kimi həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Artur Rasizadə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olduğunu, soydaşlarımızın yurd-yuvasından didərgin düşdüyünü, münaqişə zonasında sosial-mədəni obyektlərin və infrastrukturun tamamilə dağıdıldığını bir daha xatırlatmışdır. Baş nazir bölgədə sülhün, əmin-amanlığın bərqərar olması naminə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, respublikamızın ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ olmadığını vurğulamışdır.
Nümayəndə heyətinin yekdil rəyini ifadə edərək respublikamızın və onun paytaxtının son illər böyük sıçrayışla inkişaf etdiyinin şahidi olduqlarını qeyd edən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Komitənin iclasında müzakirə olunan məsələlər və imzalanan sənədlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacib olması fikrini dəstəkləyən Valeri Gerasimov, çıxışının sonunda səmimi qəbula və Bakı toplantısının yüksək səviyyədə təşkilinə görə respublika rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Görüşdə səmərəli hərbi əməkdaşlığın perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.