İQTİSADİYYAT
Səmərəli kreditləşmə iqtisadi inkişafın əsas şərtlərindəndir
Naxçıvan, 22 yanvar (AZƏRTAC). 2013-cü il Naxçıvan Muxtar Respublikasında (MR) hərtərəfli inkişaf ili kimi yadda qalmış və bu nailiyyətlərin əldə olunmasında bank sektoru da fəal iştirak etmişdir.
Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sədri Elvin Axundov AZƏRTAC-a bildirmişdir ki, muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 2014-cü il yanvarın 1-nə kredit qoyuluşu 84 milyon 287 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 14 milyon 631 min manat, uzunmüddətli kredit qoyuluşu isə 69 milyon 656 min manat təşkil etmişdir. Səmərəli kreditləşmə mexanizmi yeni istehsal və xidmət sahələrinin yaradılmasına təsir göstərən əsas amillərdən biri olmuşdur.
Kredit qoyuluşları, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilmişdir ki, bu da kənd təsərrüfatı, sənaye və istehlak malları istehsalının həcminin artmasında, yeni iş yerlərinin yaradılmasında mühüm rol oynamışdır.
Bank və digər kredit təşkilatları tərəfindən 2013-cü il ərzində 49 milyon 766 min manat kredit verilmişdir. Bu kreditlərin 18 milyon 648 min manatını qısamüddətli, 31 milyon 118 min manatını isə uzunmüddətli kreditlər təşkil etmişdir. Kreditlərin 14 milyon 784 min manatı kənd təsərrüfatı, 9 milyon 966 min manatı sənaye, 4 milyon 100 min manatı tikinti, 3 milyon 13 min manatı kommersiya, 767 min manatı nəqliyyat, 1 milyon 390 min manatı maliyyə fəaliyyəti üçün, 984 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 14 milyon 762 min manatı digər kommunal, sosial və istehlak kreditləri kimi sahələrə yönəldilmişdir. Verilmiş kreditlərin 35,3 faizini kiçikhəcmli kreditlər təşkil etmişdir.
Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 2013-cü ildə 75 hüquqi, 8374 fiziki şəxs olmaqla, 8449 müştəriyə yeni bank hesabı açılmışdır. Bu sahədə 2012-ci illə müqayisədə 34,2 faiz artım qeydə alınmışdır.
Naxçıvan MR-də fəaliyyət göstərən banklar tərəfindən ölkələrə xarici valyuta köçürmələri üzrə xeyli işlər görülmüşdür. Müxtəlif məqsədlər üçün 9 milyon 189 min avronun, 78 milyon 413 min ABŞ dollarının, 4 milyon 497 min rus rublunun köçürülməsi təmin olunmuşdur. Muxtar respublikada fəaliyyət göstərən 13 bank qurumunun hamısında 19 növ təcili pul köçürmələri sistemi fəaliyyət göstərir. 2013-cü ildə təcili pul köçürmələri vasitəsilə dünyanın 43-dən çox ölkəsindən muxtar respublika sakinlərinin adına 8 milyon 848 min ABŞ dolları məbləğində pul köçürülmüş və banklar vasitəsilə ödənilmişdir.
Ötən il Naxçıvan MR üzrə bankların emissiya göstəricisi 62 faiz olmuş və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz azalmışdır.
Hesabat ilində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 665 milyon 766 min manat nağd pul dövriyyəyə buraxılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48 milyon 92 min manat və ya 7,8 faiz çoxdur. Bütün bunlar muxtar respublikanın iqtisadiyyatına yönəldilən investisiyanın həcminin durmadan artmasını və sosial-iqtisadi həyatın dinamik inkişaf etdiyini sübuta yetirən amillərdir.