ELM VƏ TƏHSİL
“ŞƏMKİR: ARXEOLOJİ İRSİ, TARİXİ VƏ MEMARLIĞI” MÖVZUSUNDA BİRİNCİ RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, respublika Mədəniyyət və Turizm Nazirliyinin, Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun, Memarlıq və İnşaat Universitetinin və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında Şəmkirdə “Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda elmi-praktiki konfrans öz işinə başlamışdır. Tədbirdə respublikamızda arxeologiya sahəsində tanınmış alimlər, rayonda çalışan tarix müəllimləri iştirak edirlər.
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə əklil qoyulmuşdur.
Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev həyata keçirilən layihənin məqsəd və vəzifələrindən danışmışdır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov milli-mənəvi sərvətlərimizin qorunub saxlanmasında əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin, eləcə də onun bu sahədə verdiyi tövsiyələri uğurla həyata keçirən Prezident İlham Əliyevin xidmətlərindən danışmış və keçirilən tədbirin son vaxtlar rayonda aparılan arxeoloji işlərə müsbət təsir göstərəcəyinə əminliyini vurğulamışdır.
Prezidentin İcra Aparatının məsul əməkdaşı Vüqar Hüseynov, Gəncə Regional Elm Mərkəzinin direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Fuad Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və başqaları bu tədbirin Azərbaycanın qədim tarixinin düzgün öyrənilməsində əhəmiyyətini qeyd etmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində “Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda birgə layihənin reallaşmasını yüksək dəyərləndirmişlər.
Sonra rayonun Qaracəmirli kəndi ərazisində Azərbaycan, Almaniya və Gürcüstan alimlərindən ibarət beynəlxalq ekspedisiyanın rəhbəri, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İlyas Babayev məruzə etmişdir. Bildirmişdir ki, aparılan arxeoloji qazıntı böyük bir tarixin öyrənilməsində başlanğıc kimi çox dəyərlidir. Burada eramızdan əvvəl 6-4-cü əsrlərə aid külli miqdarda əşyalar tapılmışdır. Bu, tarixçilərə həmin dövrü öyrənməyə geniş imkanlar yaratmışdır. Güman edilir ki, bu tapıntı Əhəmənilər imperiyasının Cənubi Qafqazdakı mərkəzində olan sarayın qalıqlarıdır. Binanın böyük bir hissəsinin arxeoloqlar tərəfindən açılması bir çox müəmmalara aydınlıq gətirmişdir. Əldə olunan nəticələrin bir sıra ölkələrin elmi jurnallarında çap etdirilməsi isə dünya alimlərinin marağına səbəb olmuşdur.
Qaracəmirli kəndi ərazisində və qədim Şəmkir qalası ətrafında aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar nümayiş etdirilmişdir.
“2006-2007-ci illərdə Şəmkir şəhər yerində aparılmış arxeoloji tədqiqatlar”, “Şəmkir şəhər yerində XVIII-XIX əsrlər mədəni təbəqəsi”, “2007-ci ildə Şəmkir qazıntılarından tapılmış mis pullar haqqında” məruzələr konfrans iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.
Konfrans iştirakçıları üçün mədəni-kütləvi tədbirlər keçirilmişdir. İştirakçılar Heydər Əliyev muzeyində olmuş, orta əsr Şəmkir şəhər yerinə və Şəmkir Su Elektrik Stansiyasına baxmışlar.
Təqdim olunmuş 47 məruzənin dörd iclasda müzakirə olunması nəzərdə tutulmuşdur. İki iclas Şəmkirin zəngin arxeoloji irsinə, ikisi isə tarix və memarlıq abidələrinə həsr olunacaqdır.