MƏDƏNİYYƏT
Şəmkir qalasında Azərbaycan tarixinə aid qiymətli materiallar əldə edilmişdir
Şəmkir, 31 avqust (AZƏRTAC). Orta əsrlərə aid Şəmkir qalasında arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinin öyrənilməsi baxımından çox qiymətli materiallar əldə edilmişdir.
Şəmkir arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Tarix Dostuyev AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında rayonun Muxtariyyə kəndi ərazisində aparılan arxeoloji qazıntı zamanı XII əsrə aid, eni 3 metr olan möhtəşəm pilləkən və X əsrə aid nəhəng kürə aşkarlanmışdır. Həmçinin zərgərlik və dulusçuluqla bağlı mədəniyyət nümunələrinin qalıqları da üzə çıxarılmışdır.
Tarixi mənbələrə istinadla demək olar ki, erkən orta əsrlərə aid olan və İpək Yolu üzərində yerləşən bu şəhər monqol yürüşlərinə kimi inkişaf etmiş, sonralar isə işğal nəticəsində tamamilə dağıdılmışdır. XIII əsrdə şəhəri yenidən bərpa etmək istəsələr də bu, mümkün olmamışdır. Şəhərin Narın qala hissəsindən isə son dəfə çar Rusiyasının işğalı dövründə rus hərbiçiləri istifadə etmişlər.