REGİONLAR
Şəmkirdə ötən doqquz ayın yekunları müzakirə olunub
Şəmkir, 17 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Şəmkirdə ötən doqquz ayda rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2018-ci ilin doqquz ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.
Vurğulanıb ki, cari mövsümdə rayonda 16 min 824 hektar ərazidə mühüm strateji məhsul olan taxıl əkilib. Bu isə əvvəlki ildəkindən 2 min 695 hektar çoxdur. 2018-ci ilin 9 ayı ərzində 52 min 750 ton taxıl istehsal edilib. Bunun 41 min 507 tonu buğda, 10 min 932 tonu isə arpa olub. 310 ton isə vələmir istehsal edilib. Hazırda rayonda taxıl əkini sürətlə davam edir.
2018-ci ilin doqquz ayı ərzində görülən işlərin müzakirəsi zamanı qeyd olunub ki, Şəmkirdə son dövürlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır. Hazırda Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunda dövlət vəsaiti hesabına təmir işləri aparılır və yolun yaxın zamanda istifadəyə verilməsi planlaşdırılır.
Həmçinin rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir-tikintisinin davam etdirildiyi diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın ayrı-ayrı sahələrində görülən işlərdən, o cümlədən ixracyönümlü məhsullardan hesab olunan baramaçılığın inkişafına göstərilən dövlət qayğısından, qazanılan uğurlardan ətraflı danışılıb. Bildirilib ki, builki mövsümdə rayon üzrə 12 min 690 kiloqram barama tədarük edilərək “Azəripək” MMC-yə təhvil verilib. Bu da əvvəlki göstəricidən 2 dəfə çoxdur.
İclasda rayon xidmət təşkilatlarının hesabatları dinlənilib, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə edilib.