REGİONLAR
Şəmkirdə şoranlaşan torpaq sahələrində drenaj kanalları çəkilir
Şəmkir, 24 yanvar (AZƏRTAC). Şəmkir rayonunda torpaqların erroziyaya uğramasının qarşısını almaq məqsədilə xüsusi proqram əsasında tədbirlər həyata keçirilir. Mütəxəssislərin rəyinə əsasən rayon ərazisində şoranlaşma prosesi gedən ərazilərin xəritəsi hazırlanmış və kompleks tədbirlərə başlanılmışdır.
Şoranlaşmanı sürətləndirən amillərdən birinin əraziyə düşən yağış və sel sularının olduğunu bildirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəmkir rayon şöbəsinin baş məsləhətçisi Xaqani İbadov bu prosesin əsasən Kür çayı ərazisində daha çox müşahidə edildiyini bildirmişdir. O demişdir ki, qısa vaxt ərzində 500 metr uzunluğunda drenaj kanalları çəkilmiş, problem qismən də olsa həll olunmuşdur. Hazırda bu sahədə həyata keçirilən tədbirlər Qaracəmirli və Qılıncbəyli kəndlərində davam etdirilir.