İQTİSADİYYAT
Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin Rəyasət Heyətinin növbəti iclası keçirilib
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin iş planına uyğun olaraq Konqresin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin (SSBK) Şurasının sədri, Moldova Sənayeçilər və Sahibkarları Milli Konqresinin prezidenti Vasili Tarlev tədbiri açaraq Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib, ölkəmizdə özəl sektorun yüksəlişi, sahibkarlar təşkilatları ilə hakimiyyət orqanları arasında dialoq təcrübəsinin öyrənilməsində maraqlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, bu tədbir tərəflər arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən söhbət açıb. O bildirib ki, Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri də sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. "Bu istiqamətdə qəbul edilmiş müxtəlif dövlət proqramları uğurla icra olunur. Təsadüfi deyil ki, hazırda ölkədə ümumi daxili məhsulun 83 faizinin çoxu özəl bölmənin payına düşür və qarşıda duran bir çox vəzifələrin həyata keçirilməsində sahibkarların rolu artmaqdadır. Sahibkarlığın inkişafında iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, əməkdaşlığın daha da təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bakı şəhərində keçirilən işgüzar konfrans bu məsələlərin müzakirəsi üçün gözəl fürsət və gələcək səmərəli fəaliyyətinizə möhkəm zəmin yaradacaqdır", - deyə S.Məmmədov bildirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.
M.Musayev Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşılıqlı əməkdaşlığı sayəsində həyata keçirilən tədbirlərdən söhbət açıb. Bildirib ki, konfederasiya sahibkarlarla, dövlət orqanları ilə, yerli qurumlarla birgə işi ilə yanaşı, beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq İşəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarlığın Beynəlxalq Konqresində üzvlüyünü bundan sonra da məmnuniyyətlə davam etdirəcək.
İclasda müasir dövrdə Konqresin fəaliyyətinin bəzi aktual məsələləri, onun milli ittifaq və birliklərlə qarşılıqlı fəaliyyəti, konkret layihə və proqramların həyata keçirilməsi, Yaxın Şərq dövlətlərinin iş adamları ilə daha sıx əməkdaşlığı istiqamətində SSBK-nın koordinasiya şurasının proqramı və perspektivləri, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə birgə əməkdaşlığı, SSBK-nin Rəyasət heyəti müasir dövrdə konqresin fəaliyyətinin bəzi aktual məsələləri, onun milli ittifaq və birliklərlə qarşılıqlı fəaliyyəti, konkret layihə və proqramların həyata keçirilməsi müzakirə olunub.
Sonda müxtəlif qurumlar arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.