SENTYABRIN ƏVVƏLLƏRİNDƏ HAVA İSTİ OLACAQ
Ümumən, sentyabrda orta aylıq temperatur normaya yaxın olacaqdır. Yağıntının səviyyəsi ölkə üzrə qeyri-bərabər, bir çox rayonlarda normadan artıq, bəzi aran rayonlarında normaya yaxın olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq hərarəti müsbət 21-23 dərəcə (gecə 14-18 dərəcə) olacaq, gündüz 22-27 dərəcəyə, ayın əvvəlində 20-24 dərəcəyə, sonra isə 29-33 dərəcəyə çatacaq, yağıntının səviyyəsi normadan artıq olacaqdır (17-23mm). Əsasən, şimal-qərb küləyi əsəcəkdir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq hərarəti +18-20 dərəcəyə çatacaq (gecə 8-13 dərəcə isti, ayın əvvəlində 13-18, gündüz 22-27 dərəcə isti olacaq, ayın birinci ongünlüyündə ayrı-ayrı günlərdə 30-35 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (8-13 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə havanın orta aylıq hərarəti +12-14 dərəcə (gecə 7-12, ayın əvvəlində 12-16, gündüz 13-18 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə isə 20-25 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın olacaqdır (34-50 mm).
Qazax-Gəncə, Ağdam-Füzulidə orta aylıq hərarət +17-21 dərəcə (gecə +11-15, ayın əvvəlində +16-21, gündüz +20-24, ayrı-ayrı günlərdə isə +26-31 dərəcə), yağıntının səviyyəsi normaya yaxın olacaq, ayrı-ayrı yerlərdə onu keçəcək (17-44 mm).
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun +16-19 dərəcə olacağı gözlənilir (gecə 10-15, ayın əvvəlində 15-20, gündüz 18-23 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 24-29 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normadan yüksək olacaqdır (33-120 mm).
Mərkəzi-Aran rayonlarında orta aylıq hərarət 19-21 dərəcə (gecə 14-18, ayın əvvəlində 31-36, gündüz 25-30, birinci ongünlüyün ayrı-ayrı günlərində 34-37 dərəcə) isti olacaq, yağıntının səviyyəsi normaya yaxınlaşacaq (14-38 mm), bəzi yerlərdə onu ötüb keçəcəkdir.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +19-21, dağlarda +13-15 (gecə +14-18, gündüz +20-25, ayın əvvəlində +19-21, sonra +27-32 dərəcə) təşkil edəcək, yağıntının səviyyəsi normadan artıq olacaqdır (50-199 mm).