DÜNYA
Serbiya səmasında görünən PUA zərərsizləşdirilib
Belqrad, 3 noyabr, AZƏRTAC
Serbiyanın hava məkanında aşkar olunan pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, Prezident Aleksandr Vuçiçin göstərişi ilə ölkə ərazisindəki hərbi obyektlərin yaxınlığında aşkarlanan PUA-nın zərərsizləşdirilməsi üçün tədbirlər görülüb. Pilotsuz uçuş aparatının Kosovo ilə sərhəddə yerləşən Raska şəhəri yaxınlığında məhv edildiyi bildirilib.
Bu barədə Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ötən gün Serbiyanın Kosovo ilə sərhədində yerləşən Merdar və Raska şəhərləri yaxınlığındakı hərbi obyektləri müşahidə edən PUA-lar aşkarlanmışdı. Serbiyanın müdafiə naziri Miloş Vuçeviç isə Prezident A.Vuçiçin Kosovo ilə mümkün gərginliyə görə orduya “hazır olun” əmri verdiyini açıqlamışdı.
Xatırladaq ki, Kosovo hökuməti avqustun 1-dən etibarən Kosovoda yaşayan serblər də daxil olmaqla, hər kəs üçün Kosovoya məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini bildirmişdi. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq, iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlamış, yollarda barrikadalar qurmuşdu. Bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olmuşdu.
Oktyabrın sonlarında isə avtomobil nömrə nişanı öhdəliyi ilə bağlı qaydaların tətbiqinin 2023-cü ilin aprel ayınadək təxirə salındığı açıqlanmışdı.
Belqrad