SİYASƏT
SƏUDİYYƏ ƏRƏBİSTANI NÜMAYƏNDƏ HEYƏTİ İÇƏRİŞƏHƏRLƏ TANIŞ OLMUŞDUR
Bakı, 18 iyun (AZƏRTAC). Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyxin başçılıq etdiyi nümayəndə heyəti paytaxtın görməli yerləri ilə tanış olmuşdur.
İçərişəhərlə tanışlıq zamanı dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun “Dünya irsi siyahısı”na daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, eləcə də burada aparılan abadlıq işləri barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Gəzinti ortа əsr Şərq mеmаrlığının şаh əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıqdan başlamışdır. Nümayəndə heyətinə bildirilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi ansamblın tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.
Daha sonra qonaqlar Azərbaycanın geniş tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə - Buxara Karvansarası ilə tanış olmuşlar.
Gəzinti Qız qalası ilə tanışlıqla sona çatmışdır. Bakının simvolu əzəmətli Qız qalasının qədim və zəngin tarixi qonağın diqqətinə çatdırılmışdır.