İQTİSADİYYAT
Səudiyyə Ərəbistanı: OPEC neft hasilatının azaldılması üzrə razılaşmanı uzatmağa ehtiyac duymaya bilər
Bakı, 16 yanvar, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmasının 6 aydan daha çox müddət ərzində həyata keçirilməsinə ehtiyac yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih deyib.
“İstehsalın azaldılmasına dair razılaşmanın icra edilməsi, qlobal tələbatda artımın olması ilə əlaqədar olaraq OPEC digər neft hasilatçıları ilə istehsalın azaldılması müqaviləsini uzatmağa ehtiyac duymaya bilər”, - deyə nazir qeyd edib.
O bildirib ki, neft bazarı bu ilin ikinci yarısının sonunda yenidən tarazlaşacaq. Tələbat yay aylarında artacaq və OPEC bazarlarda təklifin kafi olduğundan əmin olmaq istəyəcək: “Razılaşmanın icra edilməsi səviyyəsi və tələbat gözləntiləri nəzərə alındıqda, müqavilənin uzadılmasının vacib olduğunu düşünmürük. 2016-cı ildə bazarda yavaş-yavaş başlayan tarazlıq bu ilin birinci yarısında tam təsirini göstərəcək”.
Səudiyyə Ərəbistanı OPEC-in digər üzvləri ilə may ayında Vyanada toplaşaraq bazarı və kartelin istehsal siyasətini qiymətləndirəcək. Həmçinin OPEC üzvü ölkələr qeyri-OPEC ölkələri ilə əldə edilən razılaşma üzrə yanvar ayının sonunda Vyanada görüşərək bu ölkələrin istehsalın azaldılması razılaşmasını necə icra etdiklərini müzakirə edəcəklər. OPEC-in razılaşmasında əsas məqsəd neft hasilatını azaltmaqla qiymətin artmasına dəstək olmaqdır.