CƏMİYYƏT
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycanda multikultural dəyərlər və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir
Bakı, 19 may, AZƏRTAC
Tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirilən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli”, müəllifi olduğu mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” məhz bu məramlara - dünyada insan həmrəyliyinə xidmət edir. Dini liderlərin I və II Ümumdünya sammitlərinə, mədəniyyətlərarası dialoqa dair mötəbər forumlara ev sahibliyi etmiş Azərbaycanda Böyük İyirmilik platformasında Dinlərarası Forum toplantısının keçirilməsi ölkəmizin multikultural təcrübəsinə verilən ali dəyərin təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində keçirilən “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfransda söyləyib.
Şeyxülislam diqqətə çatdırıb ki, müstəqil dövlət olaraq Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” təbirinin müəllifi, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev multikulturalizmi Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti kimi dəyərləndirərək, onu dövlət siyasəti səviyyəsində bərqərar etdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində unikal fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir.