REGİONLAR
“Səyyar dövlət qulluğu xidməti könüllülüyü” startap layihəsinin icrası başa çatıb
Naxçıvan, 3 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya könüllülərin iştirakı ilə “Səyyar dövlət qulluğu xidməti könüllülüyü” startap layihəsini 2019-cu il ərzində uğurla həyata keçirib.
Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə könüllülər komissiyanın və muxtar respublikanın Gənclər Fondunun əməkdaşları tərəfindən keçirilən təlimlərə cəlb olunublar. Onlara “Etik davranış qaydaları”, “Könüllülərin vəzifələri və məsuliyyətləri”, “Sənəd qəbulunun həyata keçirilməsinin üsul və qaydaları”, “Ünsiyyətin düzgün qurulması” və “Vətəndaşlarla ünsiyyət” mövzularında təlim keçirilib.
Komissiyanın əməkdaşlarından və könüllülərdən ibarət səyyar xidmət qrupu il ərzində Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında yaşayan və müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan keçməkdə çətinlik çəkən 109 vətəndaşa yaşadıqları yerlərdə operativ köməklik göstərib ki, bu xidmət də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.
Xidmətin məqsədi rayonlarda yaşayan, informasiya-kommunikasiya texnologiyalarından və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə köməklik göstərilməsindən, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etmək üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasından ibarətdir. Xidmətin həyata keçirilməsi zamanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiya əməkdaşının müşayiəti ilə könüllülər vətəndaşlarla birbaşa ünsiyyətdə olub, lazımi sənədləri qəbul edib, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq skan edilmiş surətlərini şəxsi kabinetə yükləyib və onların müsabiqədə iştiraklarını təmin ediblər.
Cari ildə rayonlarda vətəndaşlara göstərilən səyyar xidmət 2020-ci ildə də uğurla davam etdiriləcək.