DÜNYA
Si Cinpin Çin Xalq Respublikasının yeni sədri seçilmişdir
Pekin, 14 mart (AZƏRTAC). Martın 14-də Pekində 12-ci çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasının 4-cü ümumi iclasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilmişdir. ÇXR Kommunist Partiyasının sədri Si Cinpin ölkənin yeni sədri seçilmişdir. Si Cinpin həm də ÇXR Mərkəzi Hərbi Şuranın sədri seçilmişdir.
Xatırladaq ki, 2008-ci ildən ÇXR sədrinin müavini işləyən Si Cinpin 2012-ci ilin noyabrında Çin Kommunist Partiyasının sonuncu qurultayında partiyanın sədri seçilmişdi.
Bütün Çin üzrə 3 minə yaxın nümayəndənin qatıldığı Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasının 4-cü ümumi iclasında Gan Dıcyanq ÜXNY-nin Daimi Komitəsinin sədri, Li Yuançao ÇXR sədrinin müavini seçilmişlər. İclasda bundan başqa, ÜXNY Daimi Komitəsinin sədr müavinləri, habelə 161 üzvü də müəyyən olunmuşdur.
Qanunvericiliyə görə ÇXR sədri və onun müavini, ÜXNY Daimi Komitəsinin sədri və müavinləri, ÇXR Mərkəzi Hərbi Şurasının sədri vəzifəsinə namizədlər alternativsiz irəli sürülür.
ÜXNY-nın hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində ÜXNY-nın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin