CƏMİYYƏT
Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Füzuli rayonunda filialı yaradılacaq
Bakı, 22 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bu il Füzuli rayonunda filialı yaradılacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin hazırda paytaxtda fəaliyyət göstərən sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilir.
Xüsusilə də onların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır.
Hazırda burada 10-u oğlan, 15-i qız olmaqla 25 uşaq həmin xidmətlərdən yararlanır. Müəssisədə ötən il 68 uşağa sosial xidmətlər göstərilib.
Füzuli rayonunda yaradılacaq filiala qəbul olunacaq uşaqlarla, həmçinin onların ailələri ilə xüsusi tərtib edilmiş fərdi qayğı planı əsasında iş aparılacaq.
Sosial işçilər, psixoloq, tibb işçisi, pedaqoq və tərbiyəçilər, dərnək rəhbərləri, musiqi və idman mütəxəssisləri müəssisədə həmin kateqoriyadan olan uşaqlara reabilitasiyayönümlü zəruri sosial xidmətlərin göstərilməsini təmin edəcək.