SİYASƏT
Şimali Kipr xalqının lideri Milli Məclisin deputatı ilə görüşmüşdür
Ankara, 4 noyabr (AZƏRTAC). Şimali Kipr xalqının lideri Dərviş Əroğlu Azərbaycan Milli Məclisinin deputatı Gülər Əhmədova ilə görüşmüşdür.
Türkiyənin Anadolu Agentliyi xəbər verir ki, D.Əroğlu deputata Azərbaycan ilə Şimali Kipr arasında əlaqələrin inkişafındakı səylərinə görə təşəkkür etmiş, onu noyabrın 15-də Kiprin türk hissəsinin milli bayramı münasibətilə keçiriləcək mərasimə dəvət etmişdir.
Şimali Kiprin lideri dost və qardaş Azərbaycan xalqının Qurban bayramını da təbrik etmişdir.
G.Əhmədova Türkiyə ilə Azərbaycan arasında dostluğun əbədi olduğunu söyləmiş, D.Əroğluna ölkəmizlə bağlı xatirə hədiyyəsi təqdim etmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara