DÜNYA
Şirniyyat sağlamlıq üçün faydalı və zəruridir
Bakı, 20 oktyabr (AZƏRTAC). ABŞ alimləri belə qənaətə gəlmişlər ki, şirniyyatdan imtina edənlər özlərinə çox böyük ziyan vururlar. Mütəxəssislər silsilə tədqiqatlar aparmış və sübut etmişlər ki, şəkər orqanizmdə təcavüzkarlıq və stress göstəricisini aşağı sala bilir.
Eksperimentdə iştirak edən könüllülər əvvəlcə tərkibində şəkər əvəzedicisi və ya şəkər olan limonad içmiş, sonra stress doğuran müxtəlif tapşırıqları yerinə yetirmişlər.
Alimlər nitq hazırlamaq tapşırığını yerinə yetirmiş bəzi könüllüləri özlərindən çıxarmağa cəhd göstərmiş, onlara çıxışlarının çox maraqsız və darıxdırıcı olduğunu söyləmişlər. Şirin limonad içənlər o qədər də həyəcanlanmamış və narazılıqlara, iradlara az diqqət yetirmişlər.
Tədqiqatın müəllifləri məqalələrində bildirmişlər ki, beynin öz icra funksiyalarını həyata keçirməsi üçün, habelə insanın bu və ya digər hərəkətlərinə nəzarət etməsi üçün qlükozaya ehtiyacı vardır.