CƏMİYYƏT
Şirvan və Ağsu regional miqrasiya idarələri onlayn maarifləndirmə tədbirləri keçirib
Bakı, 25 fevral, AZƏRTAC
Şirvan regional miqrasiya idarəsi tərəfindən xidməti əraziyə daxil olan şəhər və rayonların təhsil şöbələrinin məsul əməkdaşlarının iştirakı ilə “Təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında yaşamaq hüququ verən sənədlərin verilməsi qaydaları və inzibati məsuliyyət yaradan hallar” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, tədbirdə DMX-nin yaradılmasının 15 illiyi və fəaliyyət istiqamətləri, elektron xidmətlər, 3 dildə 24 saat fəaliyyət göstərən 919 Çağrı Mərkəzi, MİGAZ mobil tətbiqi, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə məlumat verilib. Təhsil alan əcnəbilərə ölkəmizdə yaşamaq hüququ verən sənədlərin verilmə qaydaları izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha bir onlayn maarifləndirmə tədbiri Ağsu regional miqrasiya idarəsi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçirilib. Tədbir “Azərbaycan Respublikasında təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları”, həmçinin “Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqamətləri” mövzularına həsr olunub. Tədbirdə miqrasiya qanunvericiliyinə əlavə və dəyişikliklər, eləcə də Xidmətin yaranma tarixi, inkişaf mərhələləri, fəaliyyət istiqamətlərindən söhbət açılıb.