İQTİSADİYYAT
Siyəzəndə “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda konfrans keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda növbəti konfransını noyabrın 8-də Siyəzən rayonunda keçirmişdir.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-yə yaxın istehlakçı iştirak etmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev məlumat vermişdir ki, yanvar-oktyabr ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 77,9 ton müxtəlif növ ərzaq malı satışdan çıxarılaraq məhv edilmişdir.
Bu dövrdə istehlakçıların maarifləndirilməsi məqsədi ilə 15 adda 150 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq paylanmışdır.
Konfransda “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələr dinlənilmişdir.