DÜNYA
Sloveniyada sahilyanı ərazilərdə içməli sudan istifadə məhdudlaşdırılıb
Lyublyana, 6 iyul, AZƏRTAC
Avropanın bir sıra ölkələrində davam edən quraqlıq Sloveniyadan da yan keçməyib və bu ölkədə sahilyanı ərazilərdə içməli sudan istifadəyə məhdudiyyətlər qoyulub.
AZƏRTAC xəbər verir ki, Adriatik dənizi sahillərində yerləşən Koper, İzola, Piran və Ankaran şəhərlərində içməli sudan istifadə üçün məhdudiyyətlər qoyulub və sudan israfçı və lazımsız istifadə qadağan edilib. Eyni zamanda içməli sudan bağların sulanması, avtomobil yuyulması və üzgüçülük hovuzlarının doldurulmasında istifadə edilə bilməz.
Koper şəhərinin meri Ales Brzan bildirib ki, içməli sudan istifadəyə görə çətin vəziyyət yaranıb. Sudan istifadəyə limit tətbiq edilməsə, içməli su ilə təminatın dayandırılması da baş verə bilər. Kritik vəziyyətin aradan qalxması üçün isə azı 5-6 gün aramsız yağışların yağması lazımdır.
İçməli su ehtiyatlarını qorumaq üçün şəhərlərdə ictimai yerlərdəki otluq sahələrin sulanması, çimərliklərdə duşların fəaliyyəti dayandırılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana