İQTİSADİYYAT
“Smiths Detection” şirkətinin Azərbaycanda gömrük əməkdaşlarına təlimlər keçirilməsi məsələsi müzakirə olunub
Bakı, 8 iyun, AZƏRTAC
“Smiths Detection” şirkətinin ölkəmizdə tətbiq edilən avadanlıqlarına texniki xidmətin göstərilməsi və gömrük əməkdaşlarına təlimlərin keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak etmək məqsədilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin “Smiths Detection” şirkətinin nümayəndə heyətinin rəhbəri Tim Norton ilə görüşündə aparılıb.
DGK sədri gömrük nəzarətinin təşkili sahəsində son illərdə əldə olunan uğurlardan bəhs edərək Azərbaycanın bütün sərhəd-gömrük keçid məntəqələrində “Smiths Detection” şirkətinin istehsalı olan avadanlıqların quraşdırıldığını və gömrük nəzarəti zamanı uğurla tətbiq edildiyini bildirib.
Bundan başqa, görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri, “Smiths Detection” şirkətinin ölkəmizdə tətbiq edilən avadanlıqlarına texniki xidmətin göstərilməsi və gömrük əməkdaşlarına təlimlərin keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.