DÜNYA
SMS-in 20 yaşı tamam olmuşdur
Vyana, 3 dekabr (AZƏRTAC). Dünya kommunikasiya məkanının ayrılmaz tərkib hissəsi olan, hər gün milyonlarla insanın yararlandığı, qısa mətn ismarıclarının göndərilməsi və qəbuluna xidmət edən SMS texnologiyasının 20 yaşı tamam olmuşdur.
Telekommunikasiya şirkətləri arasında mobil telefonlar arasında mətn mübadiləsinə xidmət edən bir sistemin yaradılması barədə ilk ideyalar 1984-cü ildə yaranmış, sonrakı illərdə GSM şəbəkəsinin yeni sistemə hazırlanması, SMS xidmətinin standartlaşdırılması həyata keçirilmişdir.
1992-ci ilin dekabr günlərində britaniyalı proqramçı-mühəndis Neyl Pappvors kompyuterdən öz dostunun Orbitel 901 markalı mobil telefonuna “Milad bayramınız mübarək!” mətnli ilk SMS göndərmişdir. Sonrakı illərdə ilk olaraq Nokia şirkəti SMS sistemi ilə təchiz olunmuş mobil telefonların kütləvi istehsalına başlamışdır.
Hazırda inkişaf etməkdə olan onlayn xidmətlər (Whatsapp, Viber, Kik, Facebook-Messenger və s.) mobil telefon istifadəçilərinə qısa mətn ötürülməsi üçün yeni imkanlar açsalar da, SMS dünya kommunikasiya məkanında liderliyini qoruyub saxlamaqdadır.
Kommunikasiya sahəsində beynəlxalq bazar araşdırmaları həyata keçirən “İnforma Telecoms & Media” şirkətinin məlumatına görə, bu il dünya üzrə göndərilən bütün SMS-lərin sayı 13,6 faiz artaraq 6,7 trilyona çatacaqdır. 2016-cı ilə kimi onlayn xidmətlər sayəsində SMS xidməti təklif edən şirkətlər ümumilikdə 54 milyard dollar qazancdan məhrum olsalar da, illik 127 milyard dollar dövriyyə ilə SMS birinciliyi əldən verməyəcəkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana