İQTİSADİYYAT
SOCAR Gürcüstanın kəndlərinin qazlaşdırılmasını davam etdirir
Bakı, 5 mart, AZƏRTAC
Gürcüstanın Zemo, Kvemo Nikozi, Zemo Hviti və Erqneti kəndlərinə təbii qaz verilib. Mərasimdə Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxi Kaladze, Şida Kartli regionunun qubernatoru Zurab Rusişvili, Qori bələdiyyəsinin rəhbəri David Oniaşvili, “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov, Gürcüstan qaz nəqliyyatı şirkətinin baş direktoru Mamuka Kobaxidze iştirak ediblər.
Gürcüstanın energetika naziri və şirkət rəhbərləri Zemo Nikozi kəndinin mərkəzində rəmzi məşəli alovlandırıblar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kəndlərin qazla təchizatı üçün 24 kilometr uzunluğunda orta təzyiqli kəmər çəkilib, hər bir kənddə paylayıcı şəbəkə yaradılıb. Dörd kənddə 1051 ailə qazla təmin olunub, evlərdə sayğac quraşdırılıb. Qazlaşdırma işlərini Gürcüstan qaz nəqliyyatı şirkəti həyata keçirib.
“SOCAR Georgia Gas” şirkəti isə yeni abonentlərin paylayıcı şəbəkəyə qoşulması üçün montaj işlərini davam etdirir. 2014-cü ildən həyata keçirilən dövlət proqramı çərçivəsində Qori bələdiyyəsində 33 kənd qazla təmin olunub. Layihəyə dövlət büdcəsindən 19 milyon lari pul ayrılıb. Qori, Kareli, Kaspi, Xaşuri və Zuqdidi bələdiyyələrində 58 kəndin qazla təchizatı üçün tikinti işləri davam etdirilir. İşlər başa çatdıqdan sonra burada 13 min ailə təbii qazla təmin olunacaq.