İQTİSADİYYAT
SOCAR-ın Kompleks Qazma İşləri Trestinin yaranmasının 10 ili tamam olub
Bakı, 10 mart, AZƏRTAC
SOCAR-ın Kompleks Qazma İşləri Trestinin yaranmasının 10 ili tamam olub.
Trestdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın ən böyük struktur vahidlərindən biri olan Kompleks Qazma İşləri Trestinin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən tədbirdə son illər SOCAR tərəfindən ölkədə neft-qaz hasilatının artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, Kompleks Qazma İşləri Trestinin kollektivi ötən 10 il ərzində ölkənin quru və dəniz sahələrində 1 milyon 272 min 779 metr qazma işi həyata keçirib. Bu dövrdə trest üzrə 744 quyunun qazılmasına başlanılıb, 770 quyuda qazma işləri başa çatdırılıb, 798 quyu isə sifarişçiyə təhvil verilib. Trest dəniz akvatoriyası üzrə Bakı və Abşeron arxipelaqında aparılmaqla SOCAR-a məxsus 14 yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır.
Qeyd edilib ki, Kompleks Qazma İşləri Tresti 10 il ərzində “Bulla-dəniz”, “Qoşadaş”, “Cahandar”, “Türkan”, “Bəyimdağ-Təkçay”, “Pirallahı adası”, “Muradxanlı” sahələrində qazma işləri apararaq, SOCAR tərəfindən qarşıya qoyulmuş axtarış-kəşfiyyat planını uğurla yerinə yetirib. “Ümid” yatağını kəşf edən ilk quyu da məhz Kompleks Qazma İşləri Trestinin kollektivi tərəfindən qazılıb.
Bildirilib ki, “Qərbi-Abşeron” yatağında yerləşən 54 nömrəli özüldən 6 nömrəli horizontal quyunun may ayında qazılmasına başlanılması nəzərdə tutulur. 2017-ci ilin dekabr ayında “Bulla-dəniz” yatağında tikilən 12 nömrəli özüldən 91 nömrəli kəşfiyyat quyusunda qazma işlərinin başlanılması planlaşdırılır. Kompleks Qazma İşləri Trestinin kollektivi dəniz yataqlarından “Neft Daşları”, “Darvin bankası” və “Çilov” yataqlarında 2017-ci ildə də qazma işlərini davam etdirəcək. Qazma işləri quru ərazilərdən “Pirallahı”, “Qaradağ” və “Sədan” sahələrində aparılır. “Pirallahı” yatağında da yüksək qazma sürətinə nail olmaq, köhnəlmiş avadanlıqların təzələnməsi istiqamətində mühüm iş görülüb. Belə ki, perspektiv baxımından önəmli olan 1132 nömrəli quyunun yeni “ZJ-40” tip avadanlıqla qazılması üçün işlər həyata keçirilir.