ELM VƏ TƏHSİL
SOCAR-ın Təqaüd Proqramı çərçivəsində 36 tələbə hazırda Avropa, ABŞ və Türkiyənin yüksək reytinqli universitetlərində təhsil alır
Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istedadlı və perspektivli gənclərin şirkətin vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədilə proqram çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir. Hazırda Təqaüd Proqramı çərçivəsində 36 tələbə (bakalavr pilləsi üzrə 16, magistr pilləsi üzrə 19, uzmanlıq üzrə 1 tələbə) Avropa, ABŞ və Türkiyənin yüksək reytinqli universitetlərində təhsil alır. Artıq 214 nəfər (bakalavr pilləsi üzrə 39, magistr pilləsi üzrə 173, uzmanlıq üzrə 2 məzun) təhsilini başa vuraraq vətənə qayıdıb, SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunublar. 2006-2015-ci illər ərzində Xarici Təqaüd Proqramı üzrə statistik göstəricilərin təhlili aparılıb, qeyd edilib ki, proqram üzrə ən çox tələbə (50 nəfər) 2011-ci ildə seçilərək xaricdə oxumağa göndərilib.
Proqram çərçivəsində 4-ü magistr, 2-si bakalavr olmaqla Böyük Britaniya və ABŞ universitetlərində təhsil almış 6 məzun komissiya üzvləri qarşısında hesabatla çıxış edib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocağı, eləcə də ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. İclasda SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq istəyən 22 nəfərin namizədliyi müzakirə olunub. Qeyd edilib ki, 18 namizədin təhsildə göstəriciləri, seçdikləri ali təhsil ocaqlarının reytinqi və ixtisasları SOCAR-ın Təqaüd Proqramının şərtlərinə uyğundur və onlar proqrama daxil ediliblər. Həmin 18 nəfərdən 3 nəfərinin SOCAR-ın “Total E&P Azərbaycan” şirkəti ilə imzaladığı müqavilə əsasında Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirəcəkləri bildirilib.