İQTİSADİYYAT
SOCAR “Petkim”in birjadakı 3,4 faiz səhmini Beynəlxalq İnvestisiya Fonduna satır
Bakı, 5 fevral, AZƏRTAC
SOCAR Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin hissələrinin 3,4 faizini satışa çıxarır.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
Satış əməliyyatı ABŞ-da yerləşən və beynəlxalq bazarlarda investisiya həyata keçirən xarici fondlara 4 türk lirəsi məbləğində vahid qiymətlə gerçəkləşdiriləcək. Əməliyyat Türkiyədə xarici hissə vasitəçiliyi sahəsində böyük nüfuz qazanmış “Ünlü&Co;” şirkəti tərəfindən İstanbul Birjasının Topdansatış Bazarında icra olunacaq.
“SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru Kənan Yavuz satış ilə bağlı açıqlamasında bildirmişdir ki, bu əməliyyat xarici investorların SOCAR və “Petkim”ə göstərdikləri yüksək etimad və etibarın göstəricisidir. Bu hissələr 2009-2010-cu illərdə investisiya məqsədi ilə İstanbul Birjasından o zaman üçün çox ucuz hesab etdiyimiz 2.10 türk lirəsinə alınmışdır və buna görə də indiki satış əməliyyatından əhəmiyyətli bir ticari gəlir əldə olunacaq. İcraçı direktor satışın birja əməliyyatlarında yer alan hissələrdən ibarət olduğunu, SOCAR-ın “Petkim”dəki mövcud sahiblik statusunda hər hansı bir dəyişiklik yaratmadığını qeyd etmişdi.
“Petkim”in hissələri ötən il İstanbul Birjasında ən böyük 30 şirkət arasında yüksək dəyər artımına nail olması ilə diqqət çəkmişdi. Xarici fondların “Petkim” hissələrini birjada son 7 ildəki ən yüksək qiymətə (4 türk lirəsinə) almaq istəyi bazarda holdinqin perspektivinə bəslənən etimadın bariz nümunəsi kimi dəyərləndirilir.