İDMAN
Sofiya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçirilir
Bakı, 14 avqust (AZƏRTAC). Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin dünya çempionatı start götürmüşdür.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, avqustun 15-16-da qız güləşçilərimiz mübarizəyə qoşulacaqlar.
Qızlar arasında çempionatda ölkəmizi böyük məşqçi Arif Fərmanov və məşqçi Həsrət Məmmədyarovun başçılığı altında güləşçilərimiz Şəfəq Muradzadə (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Almaz İsmayılova (55 kq), Raqnetta Qurbanzadə (63 kq) və Səbirə Əliyeva (72 kq) təmsil edəcəklər.
Dünya çempionatının son iki günündə isə sərbəst güləşçilər yarışacaqlar. Sərbəst güləş yığmamız çempionata böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qitə birincisi kimi yollanacaq. Yığmamızın heyətində Ruslan Qasımov (50 kq), Ruslan Surxayev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Hacımurad Ömərov (66 kq), Bəxtiyar İsrafilli (74 kq), Məhəmməd Abdulxaliqov (84 kq), Hacı Şərifov (96 kq) və Əli Maqomedabirovun (120 kq) yer almışlar.
Görüşlərin idarə edilməsində ölkəmizi Olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcəkdir.