MƏDƏNİYYƏT
Sorğunun nəticələrinə görə azərbaycanlılar xarici ölkələrdə daha çox Visa kartlarla ödəmələri həyata keçirməyə üstünlük verirlər
Bakı, 2 iyun, Fərhad Vahid-zadə, AZƏRTAC
İyunun 2-də “Grupul Proiectelor Inteligente”-nin təşkilatçılığı ilə Visanın əhəmiyyəti və üstünlükləri mövzusunda dəyirmi masa keçirilib. AZƏRTAC xəbər verir ki, Visa şirkətinin Qafqaz ölkələri üzrə biznesin inkişafı meneceri İrina Kamxadze Visa kartların imkanlarından, üstünlüklərindən və dünya üzrə istifadə istiqamətləri haqqında məlumat verib. O bildirib ki, bu gün dünyanın inkişaf etmiş ölkələrində insanlar əksər ödənişlərinin nağdsız vasitələrlə - elektron pulla həyata keçirirlər, çünki bu həm rahat, həm də daha təhlükəsizdir.
“Visa Azərbaycan” şirkətinın biznesin inkişafı üzrə meneceri Nurlan Hacıyev Azərbaycanda Visa kartlarla ödəmələrin həyata keçirilməsi sahəsində görülən işlər və bankların əldə etdiyi təcrübələr haqda danışıb.
Tədbirdə dünyanın aparıcı bazar araşdırma şirkətlərindən biri olan “GfK”-nın Ukrayna nümayəndəliyinin 2015-ci ilin aprel ayında Azərbaycanda “Azərbaycanlılar yay istirahətini necə planlaşdırır?” mövzusunda apardığı sorğunun nəticələri təqdim olunub. Sorğunun nəticələrini təqdim edən “GfK” Ukraynanın maliyyə araşdırmaları departamentinin rəhbəri Dmitri Yablonski qeyd edib ki, azərbaycanlılar xarici ölkələrə istirahət üçün getdikləri zaman daha çox Visa kartlarla ödəmələri həyata keçirməyə üstünlük verirlər. Sorğuda iştirak edən azərbaycanlılar belə ödəmələrin sərfəli və təhlükəsiz olduğunu qeyd ediblər.