İQTİSADİYYAT
Sosial İnkişaf İdarəsi neftçilərin yay istirahətinin təşkilinə başlamışdır
Bakı, 14 iyun (AZƏRTAC). ARDNŞ-in Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən istirahət mərkəzlərində cari təmir işləri artıq yekunlaşdırılmış, builki yay mövsümünə hazırlıq işləri başa çatmışdır.
Balakən rayonunda yerləşən 150 yerlik “Qubek hotel”, Xaçmaz rayonunun Nabran qəsəbəsində 60 yerlik “Geofizik” və 54 yerlik “Nabran” istirahət zonalarında ARDNŞ-in idarə və təşkilatlarında çalışan neftçilərin və onların ailə üzvlərinin 2 və 5 günlük istirahətlərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə tədbirlər planı hazırlanmışdır. İstirahət zonalarında yay mövsümü iyunun 15-dən sentyabrın 20-dək davam edəcəkdir. Neftçilərin və onların ailə üzvlərinin istirahətlərinin mənalı təşkil edilməsi məqsədilə sifarişlər ARDNŞ-in Sosial İnkişaf İdarəsinin təsdiqlədikləri cədvəl əsasında qəbul olunur. Qeyd edək ki, 2 günlük istirahət həftənin cümə günü axşam saat 19.00-dan başlayıb, bazar günü saat 16.00-da başa çatacaqdır. 5 günlük istirahət isə bazar günü saat 19.00-da başlayıb, cümə günü saat 16.00-da yekunlaşacaq. Neftçilərin və onların ailə üzvlərinin istirahət zonalarına aparılıb-gətirilməsi üçün avtobuslar ayrılmışdır. “Qubek hotel”ə isə turistlər qatarla yola salınacaqlar. Nəqliyyat xərcləri Sosial İnkişaf İdarəsi tərəfindən ödəniləcəkdir.
İstirahətə gələnlərin yüksək keyfiyyətli və bol çeşidli ərzaq məhsulları ilə təminatı diqqət mərkəzində olan məsələlərdəndir. Daxili intizam, yanğından mühafizə və təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi üçün müvafiq tədbirlər görülür.
Turistlərin istirahət etdikləri ərazi ilə yanaşı, qonşu rayonların görməli yerlərinə ekskursiyaya aparılması da nəzərdə tutulmuşdur. İstirahət düşərgələrində, həmçinin rəngarəng konsert proqramlarının və digər mədəni-kütləvi tədbirlərin təşkili planlaşdırılır.
Qeyd edək ki, təsdiq edilmiş smetaya əsasən «Geofizik» və «Nabran» istirahət zonalarında dincələn neftçilər və onların ailə üzvlərinin 1 günlük istirahəti adambaşına 6 manat 60 qəpik, «Qubek hotel»də isə 20 manat təşkil edir. Builki istirahət mövsümündə ümumilikdə 6 minədək neftçinin və onların ailə üzvlərinin istirahəti nəzərdə tutulmuşdur.