REGİONLAR
Sosial qayğıya xüsusi ehtiyacı olan ahılların təbiət gəzintisi təşkil edilib
Şahbuz, 30 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə bir qrup sosial qayğıya xüsusi ehtiyacı olan ahıl sakinlər üçün təbiət gəzintisi təşkil edilib, burada onlar üçün çay süfrəsi açılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ahıl sakinlər Şahbuz şəhərində yerləşən Ahıllar evinə də gəlib, burada yaradılan şərait və göstərilən xidmətlərlə tanış olublar. Məlumat verilib ki, Ahıllar evində sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Burada istirahət, idman və əmək terapiyası otaqları, kitabxana da fəaliyyət göstərir.
Görüş nahar süfrəsi ətrafında davam etdirilib. Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
Qeyd edək ki, muxtar respublikanın ahıl sakinlərinin sosial müdafiəsi diqqət mərkəzində saxlanılır, sosial qayğıya ehiyacı olan ahıl vətəndaşların sağlamlıqlarının qorunması, məişət məsələlərinin həlli, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ahıllar evinin sakinləri və sosial xidmətə cəlb edilmiş tənha ahıllar mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicələrinə kömək göstərilir, əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur, sovqatlar təqdim edilir. Bununla yanaşı, sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintiləri təşkil olunur, sosial könüllülərin iştirakı ilə onların yaşayış yerlərində iməciliklər keçirilir.