ELM VƏ TƏHSİL
Sosial şəbəkələrdə münasibətlərin analizi modeli işlənilir
Bakı, 4 mart, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent İradə Ələkbərova “Sosial media analitikası: sosial şəbəkələrdə münasibətlərin analizi modeli” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəçi sosial münasibətlərin sosial qruplar və ya qrup üzvləri arasında iqtisadi, hüquqi, əxlaqi, siyasi, dini, etnik və digər sahələrdə baş verən proseslərdə yaranan münasibətləri nəzərdə tutduğunu deyib, onların rəsmi və qeyri-rəsmi, eləcə də təsir formasına görə növləri haqqında məlumat verib. O, həmçinin təşkilat daxilində münasibətlərin tiplərindən danışıb, sosial media resurslarındakı münasibətlərdən, sosial media layihələrində demoqrafik məlumatların analizindən bəhs edib.
“Dünyada baş verən sosioloji prosesləri öyrənmək, analiz etmək və proqnozlaşdırmaq hər bir dövlətin iqtisadi inkişafında, informasiya təhlükəsizliyi məsələsində, elektron dövlət siyasətinin səmərəli aparılmasında vacib məsələlərdəndir”, - deyə İradə Ələkbərova qeyd edib. O bildirib ki, sosial-siyasi və iqtisadi proseslər inkişaf etdikcə, sosiologiyanın ayrı-ayrı sahələri olan sosial münasibətlər, demoqrafiya, konfliktlərin analizi və s. sahələr üzrə tədqiqatlar da genişlənməkdədir.
“Sosial media resurslarında sosial münasibətlər yaxınlığı tənzimləyən müəyyən sosial normalarla idarə olunur”, - deyən İradə Ələkbərova sosial münasibətlərlə əlaqədar passiv, aktiv və interaktiv ünsiyyət strategiyası müəyyən edildiyini diqqətə çatdırıb. O, sosial media analitikasının sosial, iqtisadi, biznes və s. qərarlarının dəstəklənməsi və bu qərarlar əsasında fəaliyyətlərin effektivliyinin ölçülməsi məqsədilə sosial şəbəkələrdən əldə olunmuş verilənləri toplamaq, analiz etmək və onların mənasını anlamaq bacarığı olduğunu bildirib.
Məruzəçi sosial media analitikası üçün xarakterik yanaşmalar haqqında danışaraq seqmentasiyanın sosial media analitikasında fundamental yer tutduğunu deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə sentiment analiz sosial dinləmənin əsas metodologiyalarındandır: “Belə ki, bu yanaşma insanların bir-biri və hər hansı hadisə haqqında fikirlərini öyrənməyə imkan verir. Sosial şəbəkədəki əhval-ruhiyyənin dəyişməsini vaxtında müəyyənləşdirməklə gözlənilməz dəyişikliklərə dərhal reaksiya vermək mümkündür.
İradə Ələkbərova sosial şəbəkədə sosial münasibətlərin aşkarlanması modelini təqdim edib, bu münasibətlərin analizi sisteminin arxitektur sxemi və analiz üçün kateqoriyalar üzrə həlli sxemini diqqətə çatdırıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktuallığından bəhs edib, fərdlər arasında olan qeyri-aşkar münasibətlərin aşkarlanaraq sistemləşdirilməsinin əhəmiyyətli məsələlərdən olduğunu qeyd edib.
Rasim Əliquliyev tədqiqat işi çərçivəsində elektron dövlət mühitində fərdi məlumatlar əsasında fərdlərarası hüquqi və hüquqla tənzimlənməyən digər münasibətlərin aşkarlanmasının və fərdlərin reyestrlərdəki məlumatları əsasında yeni bir sistemin hazırlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, reallığa əsaslanan yeni model dövlətin demoqrafik siyasətinin həyata keçirilməsi, dövlət səviyyəsində bu və ya digər məsələlərlə bağlı qərarların qəbul edilməsi, cəmiyyət daxilində gedən proseslərin, onun müxtəlif sosial qruplarının qiymətləndirilməsi baxımından böyük imkanlara malik olacaq. R.Əliquliyev fərdin cəmiyyətdə sosial qrafının müəyyənləşdirilməsi və identifikasiya olunması, hər bir fərdin sosial kreditinin hesablanması üçün monitorinq və qiymətləndirmələrin aparılması məqsədilə süni intellekt və qeyri-səlis texnologiyaların tətbiqinin əhəmiyyətinə toxunub. Akademik, həmçinin fərdi münasibətlər əsasında meta münasibətləri də aşkar etməyin mümkünlüyünü ifadə edib.