Sözün bitdiyi yer…
Bakı, 24 fevral, Z.Mansurova, AZƏRTAC
Fevralın 24-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı soyqırımına həsr olunmuş “Sözün bitdiyi yer” adlı tədbir-sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə ilk dəfə olaraq mərhum gənc rəssam Cavid Bayramlının Xocalı faciəsini əks etdirən əsərləri, muzeyin fondunda saxlanılan bu mövzuya aid sənədlər nümayiş etdirilib. C.Bayramlının əsərləri qohumları tərəfindən muzeyə daimi mühafizə üçün təhvil verilib.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Xocalı faciəsinin canlı şahidi, Qarabağ müharibəsi əlili Surxay Quliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ və tətbiqi sənət kafedrasının dekanı, dosent İmran Kərimov və başqaları XX əsrin ən böyük faciəsindən söhbət açıblar.
Mərasimdə Təhsil Nazirliyinin Təhsil alan Gənclərin Respublika Yaradıcılıq Evinin üzvləri tərəfindən Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunub, Mədəniyyət və Turizm Nazirliyinin “Səlnamə” sənədli filmlər studiyasının istehsalı olan “Dua” filminə baxış keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.