“STATİSTİKA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. “Statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, №11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 485; 2002-ci il, №12, maddə 706; 2003-cü il, №1, maddə 4; 2004-cü il, №2, maddə 57, №4, maddə 202, №7, maddə 507) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Qanunun adı aşağıdakı redaksiyada verilsin:
“Rəsmi statistika haqqında”.
2. Qanunun preambulası aşağıdakı redaksiyada verilsin:
“Bu Qanun Azərbaycan Respublikasında rəsmi statistika sahəsində hüquqi münasibətləri tənzimləyir, dövlət statistika orqanlarının səlahiyyət və funksiyalarını müəyyən edir. Qanun Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərinə və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərinə, filiallarına, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına və fiziki şəxslərinə şamil edilir.
Rəsmi statistika ölkə üzrə iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrin vəziyyəti haqqında dürüst və keyfiyyətli (reprezentativ) məlumatlarla dövlət idarəetmə orqanlarını, sosial və iqtisadi subyektləri, elmi dairələri, geniş ictimaiyyəti, beynəlxalq təşkilatları və digər istehlakçıları təmin edir.”.
3. Aşağıdakı redaksiyada birinci maddə əlavə edilsin:
“Maddə 1. Əsas anlayışlarBu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
rəsmi statistika - “Statistik işlər haqqında proqram” (bundan sonra-proqram) çərçivəsində müvafiq məcmularda mövcud olan prosesləri xarakterizə etmək məqsədi ilə səlahiyyətli orqanların aldıqları məlumatlardır;
inzibati statistika - müvafiq normativ hüquqi aktlar əsasında dövlət orqanları tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar istehsal olunan məlumatlardır;
dövlət statistika orqanları - mərkəzi və tabeçilik prinsipinə əsasən yerli statistika orqanlarıdır;
statistik vahidlər – bu Qanun əsasında rəsmi statistika üçün ilkin məlumatları təqdim edən, yaxud da statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi və fiziki şəxslərdir;
rəsmi statistika materiallarının istehsalı – statistik məlumatların yığılması, işlənib hazırlanması, bazada yerləşdirilməsi, təhlili və yayılması üçün zəruri olan bütün fəaliyyətlərdir;
məxfi statistik məlumatlar – rəsmi statistika materiallarının istehsalı üçün toplanan və birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və ilkin məlumatların aşkar olunmasına imkan verən məlumatlardır;
statistik məlumatların yayılması - əldə edilməsində tətbiq olunan forma və vasitələrdən asılı olmayaraq, məxfi sayılmayan rəsmi statistik məlumatların istifadəçilərə verilməsidir.”.
4. 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci , 6-cı və 7-ci maddələr müvafiq olaraq 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 11-ci maddələr hesab edilsin və 8-ci maddə çıxarılsın.
5. 2-ci maddəsində:
- maddənin adında “dövlət statistika siyasəti” sözləri “rəsmi statistikanın məqsədi” sözləri ilə, birinci və üçüncü hissələrində “Dövlət statistika siyasəti” sözləri “Rəsmi statistikanın məqsədi” sözləri ilə əvəz edilsin;
- birinci hissədə “edir” sözü “etməkdir” sözü ilə əvəz edilsin;
- ikinci hissədə “Dövlət statistika siyasətinin” sözləri “Rəsmi statistikanın” sözləri ilə əvəz edilsin, “məqsədi” sözündən sonra “ilkin məlumatların məxfiliyini təmin etməklə” sözləri, “vəziyyəti” sözündən sonra “elmi-texniki inkişafı,” sözləri əlavə edilsin, “respublika” sözü “ölkə” sözü ilə və “müxtəlif sosial-iqtisadi və elmi-texniki proqramların yerinə yetirilməsini səciyyələndirən obyektiv məlumatların, təkrar ictimai istehsalın bütün iştirakçılarının və idarəetmə orqanlarının ehtiyaclarını ödəyən statistik məlumatların əldə edilməsindən ibarətdir” sözləri “səciyyələndirən statistik məlumatlarla idarəetmə orqanlarının, iqtisadi subyektlərin, elmi işçilərin ehtiyaclarının ödənilməsindən ibarətdir” sözləri ilə əvəz edilsin;
- üçüncü hissədə “obyektivliyini və dürüstlüyünü, statistik məlumatın sabitliyini, beynəlxalq statistika ilə müqayisəsinin mümkünlüyünü” sözləri “obyektivliyinin və beynəlxalq standartlara uyğun olaraq müqayisəliliyinin təmin edilməsinə” sözləri ilə əvəz edilsin və “yaradılmasına” sözündən sonra “bu Qanunun tələbləri çərçivəsində məlumatların yığılması, işlənməsi, bazada yerləşdirilməsi, ötürülməsi və yayılmasında istifadə edilən prinsip və metodların daim təkmilləşdirilməsinə, səmərəliləşdirilməsinə və rəsmi statistika sahəsində dünyanın qabaqcıl statistika ənənələri və elmi nailiyyətlərinin tətbiq edilməsinə” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Rəsmi statistika vəziyyətin real əks etdirilməsini, məlumatların istifadəçilər arasında ədalətli yayılmasını, müvafiq icra hakimiyyəti orqanları üçün həlledici əhəmiyyəti olan amillərin seçilməsini, bununla yanaşı, bir tərəfdən xərclər və respondentlərə düşən yük arasındakı nisbəti, digər tərəfdən isə bu üstünlükləri nəzərə almaqla, hamı tərəfindən başa düşülən məlumatların əldə edilməsində vətəndaşların hüquqlarına hörmət edilməsini təmin etməlidir.”.
6. 3-cü maddəsində:
- maddənin adında və birinci hissəsində “Dövlət” sözü “Rəsmi” sözü ilə əvəz edilsin;
- birinci hissədə “ümumrespublika” sözü “ümumdövlət” sözü ilə əvəz edilsin;
- ikinci hissə aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasında statistika sisteminin təşkili və onun fəaliyyətinin təmin olunması ilə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları və onların yerli orqanları məşğul olurlar. Yerli orqanlar yalnız yuxarı müvafiq icra hakimiyyəti orqanına tabedir.”;
- üçüncü hissə üzrə:
- birinci cümlədə “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi” və “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə, “statistika işlərini” sözləri “rəsmi statistikanı” sözləri ilə, “reqlament”ə, (bundan sonra-reqlament) sözləri “proqram”a (bundan sonra - proqram) sözü ilə əvəz edilsin;
- ikinci cümlədə “reqlament” sözü “proqram” sözü ilə əvəz edilsin;
- bu hissəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
“Proqramda mövcud ehtiyatlar, respondentlərə düşən yük və onun dəyəri nəzərə alınmaqla, Azərbaycan Respublikasının iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrinin vəziyyətinin öyrənilməsi ilə bağlı təşkil ediləcək statistik müşahidələr nəticəsində əldə olunacaq məlumatlar, məlumatların əldə olunması üçün hər bir elementin əhatəlilik, növ, dövrilik və mövzu əlamətləri əks etdirilir. Əgər başqa qayda nəzərdə tutulmayıbsa, müayinələr və siyahıyaalmalar proqram əsasında keçirilir və sorğu edilən statistik vahidlər müvafiq nəticələrin alınması üçün zəruri olan məlumatları verməlidirlər.”;
- dördüncü hissədə “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi” sözləri “Müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;
- beşinci hissə çıxarılsın.
7. 4-cü maddəsində:
- maddənin adında və mətninin əvvəlində “Statistika” sözü “Rəsmi statistika” sözləri ilə əvəz edilsin;
- maddənin mətnində “bu Qanundan və” sözləri “Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan,” sözləri ilə əvəz edilsin, “aktlarından” sözündən sonra “və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən” sözləri əlavə edilsin.
8. 5-ci maddəsində:
- birinci hissənin ikinci abzasında “zəruri hallarda” və “uçot və” sözləri çıxarılsın və həmin abzasda “respublikada” sözü “ölkədə” sözü ilə əvəz edilsin;
- birinci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“ölkədə statistik materialların istehsalını təşkil edir, respondentlərin hesabatları statistika orqanları tərəfindən müəyyənləşdirilmiş vaxtda və qaydada təqdim etməsinə, onların düzgünlüyünə nəzarəti həyata keçirirlər”;
- birinci hissənin dördüncü abzası çıxarılsın;
- ikinci hissədə “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi” sözləri “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə, “çağırır” sözü “təşkil edir” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasında iqtisadi, demoqrafik, sosial və ekoloji vəziyyətin başqa ölkələrdəki vəziyyətlə müqayisəsi üçün xarici ölkələrdən statistik məlumatlar alır.”.
9. 6-cı maddəsində:
- birinci hissənin 1-ci, 2-ci, 3-cü və 6-cı bəndləri aşağıdakı redaksiyada verilsin:
“1) Statistika Şurası ilə məsləhətləşmələrdən sonra bu Qanunun 3-cü maddəsinin üçüncü abzasına uyğun olaraq, proqramın layihəsini və proqramda nəzərdə tutulmuş statistik tədbirləri hazırlayır, təşkil edir və həyata keçirir;
2) proqramla digər orqanlara həvalə edilmiş rəsmi statistika materiallarının istehsalının və müşahidələrin qanunauyğun aparılmasına metodiki köməkliyi və beynəlxalq təcrübədə qəbul edilmiş standartlarla daha çox müqayisə oluna bilən metodologiyanın, təsnifatların və standartların işlənməsini həyata keçirirlər;
3) proqramın yerinə yetirilməsinə dair illik hesabatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir və bu hesabatı nəşr etdirirlər;
6) istifadəçilər tərəfindən statistik nəticələrin səhv şərh edilməsi hallarının qarşısının alınması məqsədi ilə onlara izahlar verir, kütləvi informasiya vasitələrində çıxışlar edirlər;”;
- birinci hissənin 4-cü bəndində “regionlarının hakimiyyət və idarəetmə” sözləri “onun regionlarının icra hakimiyyəti” sözləri ilə, “statistik işlər haqqında reqlamentə” sözləri isə “proqrama” sözü ilə əvəz edilsin;
- birinci hissənin 5-ci bəndinin əvvəlinə “statistik vahidlərdən yığılmış zəruri məlumatlar əsasında ölkə və regionlar üzrə ümumiləşdirilmiş və qruplaşdırılmış nəticələri tərtib edirlər” sözləri və “nəşr edirlər” sözlərindən sonra “, onları istifadəçilər arasında yayırlar, ictimaiyyətdə maraq doğuran icmal-statistik məlumatları mətbuatda dərc etdirirlər;” sözləri əlavə edilsin;
- birinci hissənin 7-ci bəndində “sirrin yayılmamasını təmin etmək üçün cavabdehdirlər.” sözləri “statistik sirr sayılan məlumatların qorunmasını təmin edirlər;” sözləri ilə əvəz edilsin;
- birinci hissəyə aşağıdakı redaksiyada 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü bəndlər əlavə edilsin:
“8) rəsmi statistikanın əhəmiyyətinin geniş ictimaiyyətə izah olunmasını təşkil edirlər;
9) statistika sahəsində işləyən mütəxəssislərin ixtisas və biliklərinin yüksəldilməsini təşkil edirlər;
10) statistik vahidlərin Dövlət registrini tərtib edir və aparırlar;
11) beynəlxalq təcrübədə tətbiq olunan təsnifatlar əsasında və Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla, statistik işlərin təşkili üçün zəruri texniki-iqtisadi və sosial məlumatların milli təsnifatlarını hazırlayırlar;
12) hüquqi şəxslərin, dövlət orqanlarının və vətəndaşların müraciətləri əsasında məlumatlar bankında onların özlərinə aid olan məlumatları təqdim edirlər;
13) dövlət statistika hesabatlarını təqdim edən hüquqi və fiziki şəxsləri hesabat formaları və onların tərtibinə dair təlimatlarla pulsuz təmin edir, onları statistik hesabatların təqdim olunma vaxtı, dövriliyi və digər zəruri tələblər haqqında məlumatlandırırlar.”;
- aşağıdakı redaksiyada ikinci və üçüncü hissələr əlavə edilsin:
“Dövlət statistika orqanları əldə edilmiş məlumatlardan ayrı-ayrı hüquqi, yaxud fiziki şəxslərə qarşı qərarlar qəbul edilməsində istifadə olunması kimi statistik məqsədlərə aidiyyəti olmayan heç bir vəzifəni yerinə yetirmirlər.
Proqramda başqa hallar nəzərdə tutulmayıbsa, dövlət statistika orqanları rəsmi statistika materiallarının proqramda göstərilmiş müddətdə istehsalına görə cavabdehdirlər.”.
10. 7-ci maddəsində:
- birinci hissənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərindən və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərindən, filiallarından, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarından və fiziki şəxslərdən haqqı ödənilmədən, qanunvericilik aktlarına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və etibarlı statistik məlumatları almaq”;
- birinci hissənin 2-3-cü bəndləri çıxarılsın;
- birinci hissənin 4-8-ci bəndləri müvafiq olaraq 2-6-cı bəndlər hesab edilsin;
- birinci hissənin 2-ci bəndində “müəssisə, birlik, idarə, təşkilat və s.” sözləri “statistik vahidlər” sözləri ilə əvəz edilsin;
- birinci hissənin 3-cü bəndində “dövlət statistika müşahidələrinin” sözləri “rəsmi statistikanın” sözləri ilə əvəz edilsin, “vəzifəli və fiziki” sözləri çıxarılsın və “barəsində” sözündən sonra “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;
- birinci hissənin 4-cü bəndində “respublikada statistik hesabatların tərtib olunması metodologiyasının vahidliyini təmin etmək, dövlət” sözləri “ölkədə statistikaya dair vahid metodologiyanı tətbiq etmək, rəsmi” sözləri ilə əvəz edilsin;
- birinci hissənin 6-cı bəndində “reqlamentə” sözü “proqrama” sözü ilə əvəz edilsin;
- birinci hissəyə aşağıdakı məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilsin:
“7) hazırlanmış statistika materiallarının (külliyyatların), proqramda nəzərdə tutulmayan və əlavə olaraq hazırlanan məlumatların, icra, qanunvericilik və məhkəmə orqanları, kütləvi informasiya vasitələri istisna olmaqla, istifadəçilərə, müəyyən olunmuş qaydada, haqqı ödənilməklə satışını təşkil etmək;
8) bu Qanunla və digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada rəsmi statistika materiallarının istehsalına və hesabat formalarının doldurulmasına dair normativ hüquqi aktları qəbul etmək.”.
11. Qanundan “III fəsil STATİSTİKA İŞLƏRİNİN TƏŞKİLİ” sözləri çıxarılsın.
12. 7-ci maddədən sonra aşağıdakı məzmunda III fəsil əlavə edilsin:
“III fəsil
STATİSTİKA ŞURASI”
- III fəslə aşağıdakı məzmunda 8-ci maddə əlavə edilsin:
“Maddə 8. Statistika Şurası
Statistika Şurası (bundan sonra-Şura) proqramın hazırlanması, həyata keçirilməsi və statistikanın təşkili, inkişafı və fəaliyyət göstərməsi üzrə məsləhətlərin verilməsi məqsədi ilə yaradılır. Şura müvafiq icra hakimiyyəti orqanı yanında, ictimai əsaslarla fəaliyyət göstərir və əsasən aşağıdakı funksiyaları yerinə yetirir:
- proqramın hazırlanmasına dair təklif və tövsiyələrin verilməsini;
- proqramın həyata keçirilməsi məsələləri ilə bağlı məsləhətlərin verilməsini;
- Azərbaycan Respublikasında rəsmi statistikanın ardıcıl inkişafı üzrə tövsiyələrin hazırlanmasını;
- statistik məlumat istifadəçilərinin statistikaya dair irad, rəy və təkliflərinə baxaraq müvafiq icra hakimiyyəti orqanına tövsiyələr verilməsini.
Şuranın işi aşkarlıq şəraitində həyata keçirilir. Şuranın tövsiyələri geniş ictimaiyyətə çatdırıla bilər.
Şuranın tərkibinə statistika, maliyyə, iqtisadiyyat, vergi, gömrük orqanlarının, bankların, Həmkarlar İttifaqları təşkilatlarının, sahibkarların ictimai birliklərinin, təhsil və elmi-tədqiqat idarələrinin və statistik məlumatların istifadəçilərinin nümayəndələri daxil edilirlər.
Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 5 il müddətinə təsdiq edilir.”
13. 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı və 17-ci maddələr müvafiq olaraq 12-ci, 15-ci, 16-cı, 23-cü, 25-ci, 24-cü, 26-cı, 27-ci və 28-ci maddələr hesab edilsin.
14. Qanunun IV fəsli müvafiq olaraq 22-ci maddədən sonra VIII fəsil hesab edilsin.
15. Aşağıdakı məzmunda IV fəsil əlavə edilsin:
“IV fəsil
RƏSMİ STATİSTİKANIN PRİNSİPLƏRİ VƏ MÜSTƏQİLLİYİ”;
- IV fəslə aşağıdakı məzmunda 9-cu və 10-cu maddələr əlavə edilsin:
“Maddə 9. PrinsiplərRəsmi statistikanın keyfiyyətliliyini və ictimaiyyətin statistikaya inamını təmin etmək üçün bu sahədə proqramların həyata keçirilməsi üzrə işlərin təşkili və aparılması statistika məlumatlarının düzgünlük, obyektivlik, müasir şəraitə uyğunluq, məxfilik və şəffaflıq prinsipinə əsaslanır.
Maddə 10. Rəsmi statistikanın müstəqilliyi
Dövlət və qeyri-hökumət təşkilatlarının dövlət statistika orqanlarının səlahiyyətlərinin həyata keçirilməsinə müdaxiləsi yolverilməzdir və onlara öz xidməti vəzifələrinin yerinə yetirilməsində təsir göstərmirlər.
Proqramın həyata keçirilməsi, xüsusən də məlumat mənbələrinin, statistik metodların seçilməsi və məlumatların yayılması prosesi, onun məzmunu, forması, vaxtı və statistik məlumatların məxfiliyinin təmin olunması zamanı dövlət statistika orqanları müstəqildirlər və kənar təşkilatlardan bu işlərə dair göstəriş və təlimatlar qəbul etmirlər.”.
16. Qanunun V fəsli müvafiq olaraq 25-ci maddədən sonra IX fəsil hesab edilsin.
17. 10-cu maddədən sonra aşağıdakı məzmunda V fəsil əlavə edilsin:
“V fəsil
RƏSMİ STATİSTİKANIN İNZİBATİ STATİSTİKA İLƏ ƏLAQƏLƏRİ”.
18. 11-ci maddəsində:
- birinci, altıncı və yeddinci hissələr çıxarılsın və ikinci, üçüncü, dördüncü və beşinci hissələr müvafiq olaraq birinci, ikinci, üçüncü və dördüncü hissələr hesab edilsin;
- birinci hissənin ikinci cümləsində “siyahıyaalmalardan” sözündən sonra “və” sözü, “sorğulardan” sözündən sonra “anket, sosioloji, monoqrafik” sözləri çıxarılsın və birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Rəsmi statistik məlumatlar başdan-başa və yaxud seçmə müşahidələr yolu ilə toplanır.”;
- ikinci hissədə “obyektləri” sözündən sonra “həmçinin rəsmi statistikanın aparılması üçün bütün mənbələrdən məlumatların alınması, inzibati registrlərdən və ya dövlət statistika orqanlarının məlumatları əsasında aparılan qiymətləndirmələrdən istifadə edilməsi, beynəlxalq təşkilatların və Şuranın tövsiyələri nəzərə alınmaqla, dövlət statistika orqanları” sözləri əlavə edilsin, “respublika” sözləri çıxarılsın və həmin hissəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:
“İstifadə olunacaq mənbənin seçilməsinə dair qərar qəbul edilərkən onun keyfiyyətinə, məlumatların vaxtında təqdim edilməsinə, xərclərə və bununla əlaqədar respondentlərə düşən yükə xüsusi diqqət yetirilir.”;
- üçüncü hissənin birinci cümləsində “siyahıyaalmaları mühüm dövlət statistika müşahidələri hesab olunur” sözləri “siyahıyaalınmasının həyata keçirilməsi normativ aktlara uyğun aparılır” sözləri ilə, 2-ci cümləsində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin;
- dördüncü hissədə “müəssisə, idarə və təşkilatlar, habelə” sözləri “hüquqi və” sözləri ilə əvəz edilsin və “ödənilmədən” sözündən sonra “dövlət statistika orqanlarına” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda beşinci və altıncı hissələr əlavə edilsin:
“Rəsmi statistika materiallarının istehsalı üçün məlumatların təqdim olunmasına cəlb edilmiş statistik vahidlərin müayinə və siyahıyaalmanın məqsədi, əhatə dairəsi, statistik məlumatların məxfiliyinin təmin edilməsi üçün təminat, həmçinin bu barədə öz səlahiyyət və vəzifələri haqqında məlumat almaq hüququ vardır.
Başdan-başa siyahıyaalmalarda məlumatların təqdim edilməsi üzrə öhdəlik (vəzifə) müvafiq məcmu çərçivəsində əhatə dairəsinin müəyyən meyarlarına cavab verən bütün statistik vahidlərə şamil edilir. Seçmə müayinələrdə bu öhdəlik yalnız seçmə planı əsasında müəyyən edilmiş vahidlərə aid edilir. Seçmə planı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və respondentlərin təmsilçiliyinin və onlara düşən yükün azaldılması məqsədinə xidmət edir.”.
19. 12-ci maddəsində:
- maddənin adında “uçot vahidləri təsnifatının və registrinin” sözləri “statistik vahidlər registrinin və təsnifatların” sözləri ilə əvəz edilsin;
- birinci hissədə “Azərbaycan Respublikasında” sözündən sonra “statistik məlumatların beynəlxalq müqayisəliliyini təmin etmək üçün beynəlxalq təsnifatlarla uzlaşdırılmış və yerli şəraitə uyğunlaşdırılmış” sözləri əlavə edilsin və “təsnifatı (TİKMT)” sözləri “statistik təsnifatları (TİKMST)” sözləri ilə əvəz edilsin;
- ikinci hissədə “müəssisələr, idarələr, təşkilatlar və baş idarələr” sözləri “hüquqi və fiziki şəxslər” sözləri ilə, “təsnifatdan” sözü “statistik təsnifatlardan” sözləri ilə əvəz edilsin;
- üçüncü hissədə “Təsnifatların” sözü “Statistik təsnifatların” sözləri ilə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında TİKMT haqqında əsasnamə” ilə müəyyənləşdirilir” sözləri isə “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir” sözləri ilə əvəz edilsin;
- dördüncü hissədə “Azərbaycan Respublikasının Dövlət uçot vahidlərinin” sözləri “rəsmi statistikanı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən statistik məlumatları əks etdirən statistik vahidlərin Dövlət” sözləri ilə əvəz edilsin, “fəaliyyətini” sözündən sonra “əsas və qeyri-əsas fəaliyyətini” sözləri ilə əvəz edilsin;
- beşinci hissədə “uçot vahidlərinə” sözləri “statistik vahidlərə” sözləri ilə əvəz edilsin;
- altıncı hissədə “Uçot vahidləri” sözləri “Statistik vahidlər” sözləri ilə əvəz edilsin.
20. V fəslə aşağıdakı məzmunda 13-14-cü maddələr əlavə edilsin:
“Maddə 13. İnzibati statistik məlumatlara giriş
Statistik vahidlərdən alınan məlumat yükünü azaltmaq, onların yığılmasında təkrarçılığa yol verməmək məqsədi ilə, müvafiq icra hakimiyyəti orqanları topladıqları, işlədikləri və özlərinin məlumat bazalarında yerləşdirdikləri inzibati statistik məlumatlara, məlumatlar registrlərinə və digər fayllara rəsmi statistika materiallarının hazırlanması üçün dövlət statistika orqanlarının girişini zəruri olan səviyyədə, həcmdə və vaxtda təmin edirlər və proqramla müəyyənləşdirilmiş vaxtda və formada məlumatları onlara təqdim edirlər.
Maddə 14. Rəsmi statistikanın inzibati statistika ilə əlaqələri
Bu Qanun inzibati statistika materiallarının istehsalı üçün hüquqi baza yaratmır. Paralelçiliyə yol verməmək, ikiqat işdən qaçmaq, vahid təsnifat və metodlardan istifadəni və əldə edilmiş nəticələrin rəsmi statistikaya uyğunluğunu təmin etmək məqsədi ilə onların statistika hesabatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İnzibati statistikanı aparmağı öhdəsinə götürmüş müvafiq icra hakimiyyəti orqanları rəsmi statistika ilə məşğul olan orqana onun müəyyən etdiyi vaxtlarda və həcmdə hesabat təqdim edirlər.
Dövlət statistika orqanları statistika məlumatlarını əldə etmək və onları (ətraf mühitin, əməyin mühafizəsi, kommersiya və dövlət sirləri ilə bağlı statistika məlumatları istisna olmaqla) yaymaq hüququna malikdir. Bununla əlaqədar olaraq, dövlət statistika orqanlarının tələbi ilə inzibati statistika məlumatlarını ona təqdim etmək inzibati statistikanın istehsalçılarının vəzifəsidir.”.
21. 14-cü maddədən sonra aşağıdakı məzmunda VI fəsil əlavə edilsin:
“VI fəsil
İLKİN STATİSTİK MƏLUMATLAR VƏ ONLARIN MƏXFİLİYİ”.
22. 15-ci maddəsində:
- 1-ci hissədə “konkret müəssisə, idarə və ya təşkilatın, habelə fiziki şəxslərin fəaliyyətini” sözləri “hüquqi və fiziki şəxslər haqqında ilkin məlumatları” sözləri ilə əvəz edilsin;
- aşağıdakı redaksiyada üçüncü hissə əlavə edilsin:
“Statistik məqsədlər üçün yığılan ilkin məlumatlar, məhkəmə qərarları əsasında verilmiş məlumatlar istisna olmaqla, başqa məqsədlər üçün istifadə oluna bilməz.”.
23. 16-cı maddəsində:
- maddənin adında “sirr” sözündən sonra “və hamı üçün açıq olan məlumatlar” sözləri əlavə edilsin;
- 1-ci hissənin əvvəlinə “Rəsmi statistikanın aparılması üçün yığılan, işlənən və məlumatlar bazasına daxil edilən, birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və beləliklə də, ilkin məlumatların əldə edilməsinə imkan verən” sözləri əlavə edilsin;
- ikinci və üçüncü hissələr çıxarılsın və aşağıdakı redaksiyada ikinci, üçüncü, dördüncü və beşinci hissələr əlavə edilsin;
“Statistik vahidin birbaşa tanınması onun adı, ünvanı və eyniləşdirmə kodunun köməyi ilə baş verir.
Dolayısı ilə statistik vahidlərin tanınması bu maddənin ikinci hissəsində qeyd olunan məlumatlardan əlavə, bu vahidlər haqqında digər məlumatlardan istifadə etməklə baş verə bilər. Statistik vahidin dolayı yolla tanınması imkanını müəyyənləşdirərkən, həmin statistik vahidin tanınmasında istifadəsi mümkün olan bütün vasitələr nəzərə alınmalıdır.
Hüquqi və (və ya) fiziki şəxsin razılığı olmadan onlar haqqında məlumatların açıqlanması statistik sirr təşkil edən məlumatların aşkarlanması, yaxud yayılması hesab olunur.
Hamı üçün açıq, yəni ümumiləşdirilmiş yekun məlumatlar məxfi sayılmır.”.
24. VI fəslə aşağıdakı məzmunda 17-20-ci maddələr əlavə edilsin:
“Maddə 17. Məxfi statistik məlumatlardan istifadə edilməsi
Respondentlər tərəfindən onlara aid məlumatlardan hər hansı bir məqsəd üçün istifadə olunmasına razılıq verilməyibsə, məxfi statistik məlumatlar, bu Qanuna uyğun olaraq, yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyi təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
Maddə 18. Elmi tədqiqatlarAlınması nəzərdə tutulmuş nəticələr ayrı-ayrı vahidlərin tanınmasını mümkün etmirsə, konkret elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üçün birbaşa tanınmaya imkan verməyən məxfi məlumatların əldə edilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilə bilər.
Belə məlumatların əldə edilməsinə yalnız o şərtlə icazə verilir ki, həmin elmi-tədqiqat layihələri çərçivəsində məxfi məlumatların qorunmasına təminat verilir.
Maddə 19. Məxfi statistik məlumatların əldə edilməsi
Öz xidməti vəzifəsinə görə rəsmi statistika sahəsində çalışanların məxfi statistik məlumatlara giriş dairəsi zəruri icmal materialların hazırlanması üçün kifayət edən səviyyə ilə məhdudlaşdırılır. Onların elmi-tədqiqat məqsədləri ilə əldə edilməsi də eyni qaydada məhdudlaşdırılır.
Maddə 20. Məlumatların qorunması üzrə tədbirlərDövlət statistika orqanları məxfi statistik məlumatların qanunazidd əldə edilməsinin, yayılmasının və ya istifadə olunmasının qarşısını almaq üçün zəruri olan inzibati, texniki və təşkilati xarakterli bütün tədbirləri həyata keçirirlər.”.
25. 20-ci maddədən sonra aşağıdakı məzmunda VII fəsil əlavə edilsin:
“VII fəsil
MƏLUMATLARIN YAYILMASI”;
- VII fəsilə aşağıdakı redaksiyada 21-ci və 22-ci maddələr əlavə edilsin:
“Maddə 21. Statistik məlumatların əldə edilməsi
Müvafiq icra hakimiyyəti orqanı açıq olan statistik məlumatların yayılmasına təminat verir və bunun nəticəsində bütün istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər.
İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
Maddə 22. Məxfi statistik məlumatların yayılması
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.”.
26. 23-cü maddəsində:
- birinci hissədə “ayrıca sətirlə” sözləri çıxarılsın;
- ikinci hissənin birinci cümləsində “dövlət (region) statistik müşahidələrinin” sözləri “rəsmi statistika materiallarının istehsalının” sözləri ilə əvəz edilsin, “verən” sözündən sonra “statistik” sözü əlavə edilsin və ikinci cümləsində “statistik işlər üzrə respublika planında” sözləri “Proqramda” sözü ilə əvəz edilsin;
- üçüncü hissədə “Azərbaycan Respublikası Nazirlər Kabineti” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin.
27. 24-cü maddəsində:
- ikinci hissədə “maddi yardım göstərilir” sözləri “müvafiq qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər verilir” sözləri ilə əvəz edilsin;
- üçüncü hissə çıxarılsın.
28. 27-ci maddəsində:
- birinci hissənin birinci cümləsində “Statistika müşahidələrinin keçirilməsi, habelə uçot vahidlərinin” sözləri “Rəsmi statistika materiallarının istehsalı və statistik vahidlərin” sözləri ilə, “edilməsinə” sözündən sonra “görə hüquqi və fiziki şəxslər” sözləri “, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər” sözləri ilə əvəz edilsin;
- ikinci hissədə “Müəssisə və təşkilatlar, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar” sözləri “Hüquqi və fiziki şəxslər” sözləri ilə, “toplu hesabat yekunlarına” sözləri isə “yekun hesabatlara” sözləri ilə əvəz edilsin.
29. 28-ci maddəsində:
- birinci hissədə “dövlət statistika müşahidələrinin” sözləri “rəsmi statistika müşahidələrinin” sözləri ilə əvəz edilsin;
- aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Öz xidməti vəzifələrinə görə statistik sirr sayılan məlumatlara girişə icazəsi olan şəxslər xidməti vəzifələrinə xitam verildikdən sonra da bu məlumatların yayılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2005-ci il.