SİYASƏT
STRASBURQDA 28 MAY-RESPUBLİKA GÜNÜ QEYD EDİLMİŞDİR
Paris, 29 may (AZƏRTAC). Azərbaycanın Avropa Şurası ( AŞ ) yanında daimi nümayəndəliyi 28 May-Respublika günü münasibətilə “Strasburq Avropa Cəmiyyəti”nin binasında rəsmi qəbul təşkil etmişdir.
Tədbirdə AŞ-ın baş katibi Terri Devis, onun müavini xanım Mod de Bur-Bukikio, Venesiya Komissiyasının sədri Canni Bukikio, AŞ Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman işləri üzrə baş direktoru xanım Gabriella Battani-Dragoni və qurumun digər yüksək səviyyəli nümayəndələri, Strasburqda akkreditə olunmuş daimi nümayəndəlik və konsulluqların rəhbərləri, Fransa Mədəniyyət Nazirliyinin Alzas regionu üzrə baş idarəsinin başçısı Döni Luş, yerli özünüidarə orqanlarının məsul şəxsləri, Strasburq Mərkəzi Kitabxanasının direktoru Alber Puaro, Strasburq Universitetinin prezidenti və müəllimləri, digər tədris müəssislərinin təmsilçiləri, diasporumuzun fəalları və azərbaycanlı tələbələr iştirak etmişlər.
Tədbirdə Azərbaycan mədəniyyət incilərinə dair fotosərgi və film nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları Azərbaycanın zəngin mətbəxinin nümunələrini yüksək qiymətləndirmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris