DÜNYA
Su insanın daha sağlam yaşaması üçün vacibdir
Bakı, 12 mart (AZƏRTAC). Tədqiqatlar göstərir ki, gün ərzində içilən suyun miqdarına görə hər iki nəfərdən biri orqanizmini susuz qoyur, yüngül susuzlama yaşayır.
AZƏRTAC xəbər verir ki, orqanizmdə su azlıq təşkil etdikdə qan qatılaşır və bu da orqanlara oksigen və qida maddələrinin az miqdarda daxil olmasına gətirib çıxarır. Alimlər müəyyən etmişlər ki, insan bədəninin 2/3-si sudan ibarət olduğu halda, biz çox az su içirik. Odur ki, hər bir insanın özünü yaxşı hiss etməsi üçün gündə 2,5 litr suya ehtiyacı vardır.
Susuz qalmaq maddələr mübadiləsinin ləng getməsinə səbəb olur. Bədəndə suyun miqdarı azaldıqca orqanizmdəki yağların miqdarı və çəki artır. Lazımi miqdarda su içmək qan təzyiqinin qarşısını alır. Susuz qalmaq yorğunluğun başlıca səbəbidir. Bədəndə suyun azalması diqqətin pozulmasına yol açır. Bir stəkan su gecəyarı baş qaldıran aclıq hissini aradan qaldırır. Gündə 8-10 stəkan su içmək kürək və əzələ ağrılarını azaldır. Su uşaq əmizdirən analarda südü çoxaldır.
Daha çox su içməyin müxtəlif yolları vardır. Məsələn, gecə yatarkən daim yanınızda bir stəkan su qoyun. Oyanan kimi onu içməklə gününüzə başlayın. Su qrafininizə limon, xiyar, alma dilimləri ataraq suyunuzu dadlı edin. İş yerindəki masanızın üzərində mütləq bir şüşə su saxlayın. Evdə televizora baxarkən, paltar ütüləyərkən yanınızda bir stəkan su saxlayın. Həm də daim eyni həcmdə su içmək üçün gündə nə qədər su içdiyinizi ölçün. Mümkünsə, üzərində ölçü olan qrafindən istifadə edin. Daim su içməyi özünüzə xatırladın. Məsələn, hər saatdan bir zəngli saatı qurun, soyuducunun üzərinə su içməyinizi xatırladacaq qeydlər edin. Nəhayət, su içmək üçün susamağı gözləməyin.
Orqanizminizin lazımi miqdarda su ilə təmin olunub-olunmadığını anlamağın ən səmərəli üsulu sidiyə diqqət yetirməkdir. Sidiyin açıq rəngdə olması bədənin suya olan ehtiyacının düzgün ödənildiyinin, tünd rəngdə olması isə orqanizmin kifayət qədər su ilə təmin olunmadığının göstəricisidir.