REGİONLAR
Su itkisinin qarşısının alınması üçün Qaxda torpaq kanallara beton döşənir
Qax, 30 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqların su təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarılması zamanı su itkisinin qarşısının alınması məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Qax Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində mövcud torpaq kanalların beton üzlüyə alınması istiqamətində işlər davam etdirilir. Hazırda Qıpçaq torpaq suvarma kanalının beton üzlüyə alınması istiqamətində işlərə başlanılıb. Kanalın 1500 metr uzunluğunda hissəsinin beton üzlüyə alınması nəzərdə tutulur. Ümumiyyətlə, son iki ildə rayon ərazisində 3 min metr uzunluğunda torpaq suvarma kanalı beton üzlüyə alınıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Turan Şahidov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, bundan əlavə, hazırda Almalı torpaq suvarma kanalının lildən təmizlənməsi istiqamətində də işlər davam etdirilir. İndiyədək kanalda 15 min kubmetr həcmdə lildən təmizləmə işləri görülüb.
Baş mühəndis bildirib ki, rayonun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə idarə tərəfindən rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri də davam etdirilir. Əlibəyli kəndinin ərazisinin mühafizəsi üçün Kürmük çayında 40 poqonometr uzunluğunda daş-beton bəndin tikintisinə başlanılıb. Hazırda torpaq işləri aparılır, eyni zamanda, 130 kubmetr həcmdə beton işi görülüb.
Turan Şahidovun sözlərinə görə, hazırda idarə tərəfindən İlisu kəndi ərazisində sel ötürücü qurğuda, həmçinin Kürmük çayında məcra təmizləmə işləri də davam etdirilir.