İQTİSADİYYAT
Su kəmərlərinin mühafizə zolağındakı qeyri-qanuni tikililər qəzaların aradan qaldırılmasını çətinləşdirir
Bakı, 25 iyun (AZƏRTAC). Kür Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 millimetr diametrli, yüksəktəzyiqli magistral su kəmərinin Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsi 3-cü döngə ərazisindən keçən hissəsində qəza baş vermişdir.
Su sızması magistral su kəmərinin mühafizə zolağında bir neçə il bundan əvvəl qeyri-qanuni inşa edilmiş 23 nömrəli fərdi yaşayış evinin altında baş vermişdir. Qəza nəticəsində ərazidə olan bir neçə fərdi yaşayış evinin həyətləri də su altında qalmışdır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qəza haqqında məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə baxış keçirilmiş və əraziyə texnika cəlb olunmuşdur. Həmin ərazidə fərdi yaşayış evlərinin inşası zamanı tikinti qaydalarına əməl olunmaması, evlərin magistral su xəttinin mühafizə zonasında tikilməsi qəzanın aradan qaldırılmasında müəyyən çətinliklər yaratmışdır. Buna baxmayaraq, gecə saatlarında qəza aradan qaldırılmışdır.
Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən böyük diametrli, yüksəktəzyiqli 7 magistral su xətti keçir. Ötən əsrin 90-cı illərinin ortalarında magistral kəmərlərin keçdiyi ərazilərdə qeyri-qanuni şəkildə fərdi yaşayış evləri və kommersiya obyektləri tikilmişdir. Bunun nəticəsidir ki, təkcə Binəqədi rayonunun Xocasən, Biləcəri və Rəsulzadə qəsəbələri üzrə magistral kəmərlərin üzərində və mühafizə zolağında 2800-dək fərdi yaşayış evi tikilmişdir.
“Azərsu” ASC bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi və kommersiya obyektlərinin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.