ELM VƏ TƏHSİL
Su təminatının problemləri mövzusunda konfransa hazırlıq davam edir
Bakı, 23 aprel, AZƏRTAC
Oktyabrın 6-7-də keçiriləcək “Azərbaycanın su təminatının müasir problemləri” mövzusunda respublika elmi-praktik konfransına hazırlıq işləri davam edir. Konfrans Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Saleh Rüstəmovun anadan olmasının 110 illiyinə həsr ediləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti və idarə olunması”, “Qarabağ ərazisinin müasir hidrometeoroloji problemləri”, “Regional iqlim dəyişmələri və onların su ehtiyatlarına təsiri”, “Ətraf mühit və dayanıqlı inkişaf” mövzuları üzrə məruzələr dinləniləcək.
Tədbirin təşkilatçıları Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, UNESCO-nun Beynəlxalq Hidroloji Proqramı üzrə Azərbaycan Milli Komitəsi, Azərbaycan Coğrafiya Cəmiyyəti və “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyidir.