MƏDƏNİYYƏT
Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rəssamının 70 illik yubileyi qeyd edilmişdir
Sumqayıt, 23 noyabr (AZƏRTAC). Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında bu mədəniyyət ocağının baş rəssamı, Əməkdar Rəssam Mübariz Gəncəlinin (Əliyev) 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirinin əvvəlində yubilyarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunmuşdur.
Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Mehman Şükürov Əməkdar Rəssamın teatrdakı xidmətlərindən geniş bəhs etmişdir. Bildirmişdir ki, Mübariz Gəncəli yaradıcılıq fəaliyyətinin 35 ilini bu teatra həsr etmişdir.
Direktor yubilyarın Mədəniyyət və Turizm Nazirliyinin diploma ilə təltif edildiyini bildirmiş və mükafatı ona təqdim etmişdir.
Tədbirdə iştirak edən qonaqlar və rəssamın sənət dostları da təbriklərə qoşularaq ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.
M.Əliyevin yaradıcılığı Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Tədbir şəhər musiqi kollektivlərinin iştirakı ilə hazırlanan geniş konsert proqramı ilə davam etmişdir.