ELM VƏ TƏHSİL
Sumqayıt Dövlət Universitetində avtomatlaşdırma üzrə seminar
Bakı, 9 fevral, AZƏRTAC
“Schneider Electrik” şirkəti Sumqayıt Dövlət Universitetində (SDU) avtomatlaşdırma, müasir texnologiya və problemlərə həsr olunan seminar keçirib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, seminarda bu qurumun ölkəmiz üzrə nümayəndəsinin müavini Osman Şahin Azərbaycanın son illərdəki sürətli inkişafını xüsusi vurğulayıb. O, məhsuldarlığın artırılması və gələcək nəsillər üçün daha yaxşı iş mühitinin yaradılması üçün müxtəlif sahələrə enerji baxımından səmərəli texnologiyaların tətbiqinin əhəmiyyətini qeyd edib.
Şirkətin avtomatlaşdırma üzrə işçi qrupunun rəhbəri Pünhan Seyidov avtomatlaşdırma sahəsində qurumun məhsul və həllərinin əməliyyat iş səmərəliliyini artırdığını, enerjidən istifadəni daha etibarlı və təhlükəsiz etdiyini söyləyib.
Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun avtomatlaşdırma laboratoriyasının rəhbəri Asif Rzayev nasosla işləyən mühərriklərdə Altivar 71 seriyalı sürəti tənzimlənən ötürücülərin tətbiq edilməsinin üstünlüklərini, bu cihazlar sayəsində iş səmərəliliyinin 30 faiz yüksəldildiyini əks etdirən son tədqiqat nəticələrini diqqətə çatdırıb.
SDU-nun prorektoru Nadir Kazımov Azərbaycanda qlobal enerji şirkətinin bilik və təcrübəsinin tətbiqinin əhəmiyyətini vurğulayıb. O, universitet ərazisində şirkət tərəfindən təchiz edilən texniki xidmət emalatxanasının istismara verilməsini enerji idarəetməsi sahəsində əməkdaşlıq istiqamətində ilk addım olduğunu bildirib.