İDMAN
“Sumqayıt” FK “Kəpəz”lə oyundan minimal hesablı qələbə ilə ayrıldı
Sumqayıt, 30 mart ( AZƏRTAC ). Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt” Futbol Klubu “Bayıl Arena”- da “Kəpəz”i qəbul etmişdir. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə bitmişdir.
“Sumqayıt” FK-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komanda oyuna itkilərlə çıxmışdır. Belə ki, “Turan”la keçirilmiş son qarşılaşmada zədələnən Orxan Əliyev, millidən zədəli qayıdan Pərdis Fərcad-Azad və Slavik Alxasov bu görüşdə iştirak etmirdilər.
Oyununun birinci hissəsi bütünlüklə sumqayıtlıların üstünlüyü ilə keçmişdir.
“Sumqayıt” ikinci hissəyə də surətli hücumlarla başladı. Sabir Allahquliyev hesabı açmağa yaxın olsa da, top qapıdan azca aralı keçdi. Mirzağa Hüseynpurun zərbəsindən sonra top növbəti dəfə qapı dirəyinə dəydi. Nəhayət görüşün 67-ci dəqiqəsində “Sumqayıt” FK hesabı açdı. Ruslan Qurbanova qarşı kobudluqdan sonra hakim tərəddüd etmədən qonaqların qapısına penalti təyin etdi. Murad Doymuş zərbəni dəqiq yerinə yetirdi.
“Kəpəz”i minimal hesabla məğlub edən “Sumqayıt” xallarının sayını 28-ə çatdırmışdır.