Sumqayıt Şəhər İcra Hakimiyyətində görüş
Sumqayıt, 26 fevral (AZƏRTAC). Sumqayıt Şəhər İcra Hakimiyyətində Xocalıdan olan məcburi köçkün ailələri ilə görüş olmuşdur. O dəhşətli gecədə, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyinə güvənən erməni cəlladlar Xocalı şəhərinin dinc əhalisinə amansızcasına divan tutduğu zaman bu insanlar sanki möcüzə sayəsində salamat qalmışlar.
Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıtda məskunlaşmış məcburi köçkünlərlə görüşü açaraq demişdir: “Xocalı faciəsi XX əsrin vəhşiliklə törədilən cinayətləri salnaməsinə qanlı bir səhifə kimi yazılmışdır. Dinc şəhər bir gecədə yerlə-yeksan edilmişdir”.
Şəhərin rəhbəri erməni terrorçularının bəşər tarixində qəddarlığa görə bənzəri olmayan məkrli siyasəti barədə söhbət açmış, faciənin günahsız qurbanlarının qohumlarına başsağlığı vermişdir.
Biz hamımız nisbətən yaxın vaxtlarda baş vermiş bu faciənin şahidləriyik. Bu gün Azərbaycan öz inkişafının keyfiyyətcə yeni pilləsindədir. Ölkəmizin iqtisadi göstəriciləri onun davamlı və sabit inkişafına dəlalət edir. Şəhər icra hakimiyyəti başçısının vurğuladığı kimi, bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir.
Sumqayıt şəhər icra hakimiyyəti başçısı vəzifəsinə cəmi bir neçə gün bundan əvvəl təyin olunmuş Eldar Əzizov məcburi köçkünlərin problemləri ilə maraqlanmış, onların təkliflərini diqqətlə dinləmişdir.
Görüşdə iştirak edən, Xocalıdan olan və Sumqayıtda müvəqqəti məskunlaşmış 87 məcburi köçkün ailəsinə maddi yardım göstərilmişdir. Sonra Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında ümumşəhər tədbiri keçirilmişdir. Tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Teatrın aktyorları “Qisas” adlı bədii kompozisiya göstərmişlər.
Teatrın foyesində gənc rəssamların “Xocalı harayı” mövzusunda əl işlərindən ibarət sərgi təşkil edilmişdir.