REGİONLAR
Sumqayıt Universitetində tədris olunan üç ixtisas Avropa standartlarına uyğun sayılaraq akkreditasiyadan keçib
Sumqayıt, 30 yanvar, AZƏRTAC
Sumqayıt Dövlət Universitetinə (SDU) Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən akkreditasiya şəhadətnaməsi verilib. Universitetdə tədris olunan üç ixtisas - bakalavr pilləsində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi”, magistratura pilləsində isə “Enerji menecmenti” ixtisasları Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, SDU-da tədris edilən bu üç ixtisasın akkreditasiya olunması Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Sumqayıt Dövlət Universitetində “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə uyğunlaşdırılması” (516678 TEMPUS-1-2011-DE-TEMPUS - JPCR) layihəsi çərçivəsində həyata keçirilib.
Akkreditasiyadan keçmək üçün xüsusi keyfiyyət meyarları və standartlar mövcuddur. Proses zamanı akkreditasiya komissiyası təhsil müəssisəsinin maddi-texniki və normativ-hüquqi sənədlər bazası, professor-müəllim heyətinin tərkibi, tələbələrin biliyinin qiymətləndirilməsi və digər meyarlar əsasında faktları yerində araşdırır, təhsil müəssisəsinin, onun hazırladığı kadrların dövlət təhsil standartlarına uyğun olub-olmamasını müəyyənləşdirir və həmin ixtisas üzrə kadr hazırlığının davamlığına icazə verir.