CƏMİYYƏT
Sumqayıtda “Gənclərin sosial-ictimai fəallığının gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilmişdir
Sumqayıt, 14 oktyabr (AZƏRTAC). Sumqayıtın tarix muzeyinin konfrans zalında “Bizim Gənclik” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin iştirakı ilə “Gənclərin sosial-ictimai fəallığının gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilmişdir. Bu layihə Gənclər və İdman Nazirliyinin yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbiri acan şəhər icra hakimiyyəti başçısının müavini Akif Quluyev demişdir ki, əsrin bəlasına çevrilmiş “ağ ölüm” artıq bəşəriyyəti narahat edən ən mürəkkəb problemlərdən biridir. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlətin daim diqqət mərkəzindədir. Narkomaniya çox təhlükəli sosial bəladır. Ona qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə respublikada ardıcıl olaraq zəruri tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ı təsdiq etmişdir. A. Quluyev bütün cəmiyyət üzvlərini insanları ölümə məhkum edən, genefonda sarsıdıcı zərbə vuran bu sosial bəla ilə mübarizədə daha da fəal və barışmaz olmağa çağırmışdır.
Şəhər gənclər və idman idarəsinin rəisi Musa Həsənov narkotik maddələrin yaratdığı fəsadlardan danışarkən, gəncləri “ağ ölümə” qarşı daha fəal və ardıcıl mübarizə aparmağa çağırmışdır.
Sumqayıt regional narkoloji dispanserin baş həkimi Kamil Mehtiyev narkomanlığın insan sağlamlığına tibbi baxımdan vurduğu zərərə toxunmuşdur. Qeyd olunmuşdur ki, narkotik vasitələr toksik maddə olduğundan ondan istifadə edən şəxsin bütün daxili orqanlarına, ürək-damar sistemindən tutmuş nevroloji sferaya qədər mənfi təsir edərək onun xarakterini dəyişir ki, bu da narkomanların əksəriyyətinin sonra cinayətkara çevrilməsinin əsas səbəblərindən biridir. Bu bəlaya düçar olmuş gənc insanlar 35-45 ildən artıq yaşaya bilmirlər.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev Azərbaycan hökumətinin narkomaniyaya qarşı mübarizəyə böyük diqqət ayırdığını bildirmiş, bütövlükdə cəmiyyətin bu sosial bəlaya qarşı mübarizə proseslərinə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırmışdır. O, tədbir iştirakçılarına ölkədə bu sahədə aparılmış uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumat vermişdir.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırılmış, səslənən təkliflərin ümumiləşdirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Sonda cəmiyyətin narkomaniya əleyhinə maariflənməsi məqsədi ilə “Bizim Gənclik” İctimai Birliyinin hazırladığı metodoloji vəsaitlər (bukletlər, döş nişanları, təqvimlər, papaq və köynəklər) tədbir iştirakçılarına paylanmışdır.