MƏDƏNİYYƏT
Sumqayıtda İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasının premyerası böyük uğurla keçmişdir
Sumqayıt, 6 aprel (AZƏRTAC). Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasının premyerası böyük uğurla keçmişdir. Tamaşaya respublikanın Xalq Artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov quruluş vermişdir.
Azərbaycan Dövlət Milli Dram Teatrının səhnəsində ilk dəfə 1964-cü ildə tamaşaya qoyulmuş “Sən həmişə mənimləsən” pyesi indiyədək respublika teatrlarının səhnələrindən düşmür. Dərin psixologizmi ilə seçilən əsər milli dram sənətinin ən yüksək zirvələrindən biri olaraq qalmaqdadır.
Tamaşadan əvvəl Sumqayıt teatrının direktoru, Əməkdar Mədəniyyət Xadimi Mehman Şükürov qonaqları salamlayaraq teatrların, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət yetirən dövlətimizin başçısı İlham Əliyevin bu sahədəki xidmətlərindən söz açmışdır. O, əmin olduğunu bildirmişdir ki, teatr kollektivinin ərsəyə gətirdiyi əsər səhnə xiridarlarını sevindirəcəkdir. “Sən həmişə mənimləsən” pyesinin səhnə təcəssümünün əsas versiyası olan şəxsiyyət problemi psixoloji ifadə vasitələrinin zənginliyi, maraqlı süjet xətti, real insani münasibətlər sayəsində Sumqayıt tamaşaçılarının zövqünü oxşamışdır.
Tamaşaçılar pyesin qeyri-səciyyəvi, eyni zamanda çox maraqlı, cəlbedici səhnə həlli ilə bol olan yeni quruluşu ilə tanış olmuşlar. Teatrın baş rəssamı, Xalq Rəssamı Mübariz Əliyevin eskizləri əsasında yaradılmış, dərindən düşünülmüş parlaq və maraqlı səhnə tərtibatı yaddaqalan olmuşdur.
Lirik-psixoloji janrda yazılmış bu mürəkkəb dram əsəri sadə və təbii süjet xəttinə malikdir. Həyat təcrübəsi olmayan adi bir qız özündən xeyli yaşlı olan sadə və xeyirxah kişiyə vurulmuşdur. Həsənzadə obrazını Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının aparıcı aktyoru İlham Əsgərov, Nargilə obrazını Sumqayıt teatrının istedadlı aktrisası Sədaqət Nuriyeva yaratmışlar. İki hissədən ibarət tamaşada , həmçinin Əməkdar artistlər Ulduz Nəsirova, Fəranə Musayeva, İzaməddin Bağırov, aktyorlar Mövsüm Hüseynov, Xatirə Süleymanova, Lalə Nəsir və başqaları çıxış etmişlər.
“Sən həmişə mənimləsən” tamaşasının premyerasına respublikanın teatr ictimaiyyətinin nümayəndələri tamaşa etmişlər. Sənətşünaslıq doktoru, teatr tənqidçisi İlham Rəhimli AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirmişdir ki, 1964-cü ildə yazılmış və səhnələşdirilmiş pyes indiyədək aktuallığını itirməmişdir. Milli səhnə sənətinin inkişafına İlyas Əfəndiyevin töhfəsi geniş və çoxşaxəlidir. Azərbaycan dramaturqlarından heç biri teatrla İlyas Əfəndiyev qədər uzun sürən yaradıcılıq əlaqələri qurmamışdır. Parlaq dramaturji dəst-xətti olan yazıçı dramaturgiyamıza yeni nəfəs gətirmiş, onun “Sən həmişə mənimləsən” pyesi Azərbaycan teatrında lirik-psixoloji istiqamətin əsasını qoymuşdur.
İ. Əfəndiyevin qələmindən çıxmış, milli dramaturgiyamızın yüksək pafos, zərif lirizmlə dolub-daşan inciləri olan pyesləri milli teatrda yeni mərhələ açmış, aktyor və rejissorların bütöv bir nəslinin yetişməsində əvəzsiz rol oynamışdır. İ.Əfəndiyev milli dramaturgiya tariximizdə teatr və səhnə ilə sıx bağlı olan yazıçılarımızın ənənələrini inkişaf etdirərək, özünün dramaturgiya məktəbini yaratmışdır.
Sumqayıtda “Sən həmişə mənimləsən” tamaşası əsl sənət bayramına çevrilmiş və şəhərin teatrsevərlərinə böyük sevinc bəxş etmişdir.